The Guardian: Si Cinpin Çində yüksək vəzifəli məmurlar arasında görünməmiş genişmiqyaslı təmizləmələr aparır

The Guardian: Si Cinpin Çində yüksək vəzifəli məmurlar arasında görünməmiş genişmiqyaslı təmizləmələr aparır

15:14
Bəyəndim (1) Bəyənmədim (0)

Çin lideri Si Cinpin yüksək vəzifəli məmurlar arasında genişmiqyaslı təmizləmələri gücləndirir və rekord sayda şəxsi Kommunist Partiyasının sıralarından xaric edib. Oxuməni. az xəbər verir ki, The Guardian qəzetinin yazdığına görə, mühüm siyasi tədbirlərdən birində boş qalan yerlərin sayı görünməmiş həddə çatıb.

Belə ki, bu həftə keçirilən beşinci plenumda – ildə təxminən bir dəfə baş tutan və ölkənin ali vəzifəli şəxslərini bir araya gətirən toplantıda – rekord sayda, 33 nəfər partiya sıralarından xaric edilib.

Plenumun işində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin əsas və ehtiyat üzvlərindən cəmi 279 nəfər iştirak edib. Halbuki 2022-ci ildə onların sayı 376 nəfər olub. Beləliklə, ilkin tərkibin 25 faizindən çoxu toplantıda iştirak etməyib. Bunun əsas səbəblərindən biri aparılan təmizləmələrdir. Bu, müasir Çin tarixində plenumlarda qeydə alınan ən çox boş yer sayıdır.

Partiya sıralarından xaric edilənlər arasında əvvəllər Çinin hərbi iyerarxiyasında ikinci ən yüksək vəzifəni tutmuş Çjan Yusiya və Sincan-Uyğur Muxtar Rayonunun keçmiş partiya katibi Ma Sinjuj da var. Digər şəxslərin toplantıda iştirak etməməsinin səbəbləri isə açıqlanmayıb.

2012-ci ildə hakimiyyətə gəldikdən sonra Si Cinpin partiya sıralarında korrupsiyanın aradan qaldırılmasına xüsusi diqqət yetirib. Lakin son illərdə bu kampaniya daha da güclənərək həm partiya, həm də hərbi strukturlardakı yüksək vəzifəli şəxsləri əhatə edib. Ekspertlər bu kampaniyanın siyasi rəqiblərin aradan götürülməsi və ya sədaqətsizliyə görə cəzalandırılması vasitəsi kimi də istifadə edilib-edilmədiyini müzakirə edirlər.

The Guardian-ın yazdığına görə, Si Cinpin partiya sıralarında “intizamın olmamasından” getdikcə daha çox narazı görünür. O, bu ilin əvvəlində partiyanın “xəstə ağacları kökündən çıxarmalı” olduğunu bəyan edib və korrupsiyaya qarşı mübarizəni “heç vaxt sona çatmayan yol” adlandırıb.

Aparılan bir sıra təmizləmələr nəticəsində Çinin Xalq Azadlıq Ordusunun ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın tərkibi xeyli azalıb. Adətən yeddi nəfərdən ibarət olan şurada hazırda cəmi iki nəfər qalıb: Si Cinpinin özü və orduda korrupsiyaya qarşı mübarizəyə cavabdeh olan Çjan Şenmin.

Gələn il keçiriləcək qurultayda Mərkəzi Komitənin və Siyasi Büronun tərkibi yenilənəcək. Bununla belə, bir çox analitik hesab edir ki, son təmizləmələr o qədər genişmiqyaslı olub ki, yüksək vəzifələrə irəli çəkilmək üçün uyğun namizədlərin sayı xeyli azalıb.

Almaz Həsənli