WSJ: Ukrayna Trampın təzyiqindən sonra Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırıb
Ukrayna Silahlı Qüvvələri “Prezident Trampın həftələrlə davam edən təzyiqinin Kiyevin ABŞ-ın dəstəyinə inamını sarsıtmasından sonra” Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırıb. Oxuməni. az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) onlayn nəşri mənbələrə istinadən yazır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, hücumlarla bağlı qeyri-rəsmi fasilə ötən həftənin əvvəlindən, Kiyev ilə Vaşinqton arasındakı böhranın pik həddə çatdığı vaxtdan qüvvədədir. Gözlənilir ki, bu fasilə noyabrın 3-də keçiriləcək ABŞ aralıq seçkiləri başa çatana qədər davam edəcək. Bununla belə, nəşrdən aydın olur ki, Rusiya neft emalı zavodlarına zərbələr seçkilərdən sonra da, noyabr ayı ərzində bir müddət endirilməyə bilər.
Jurnalistlər qeyd edirlər ki, Ukraynanın “Starlink” peyk rabitəsi xidmətindən, ABŞ kəşfiyyatının ona ötürdüyü məlumatlardan və “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-interseptorlardan asılılığı ölkəni ABŞ-ın təzyiqi qarşısında həssas vəziyyətdə saxlayıb. Bu, Trampın ötən il Ağ Evə qayıtdıqdan sonra ABŞ-ın Kiyevə hərbi və maliyyə yardımının böyük hissəsini dayandırmasına baxmayaraq baş verib.
Tramp son həftələrdə Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiqi artırıb. O, Rusiyanın neft emalı zavodlarına hücumların dayandırılmasını tələb edib və enerji ekspertlərinin əsasən ABŞ və İsrailin İrana qarşı müharibəsi ilə əlaqələndirdiyi dünyada yanacağın yüksək qiymətlərinə görə məsuliyyəti Ukraynanın üzərinə qoyub.
Məqalədə izah olunur ki, ABŞ-da aralıq seçkilərində iştirak edən Respublikaçılar Partiyasının namizədləri yüksək yanacaq qiymətlərinin noyabrın 3-də keçiriləcək seçkilərdə onlara zərər vura biləcəyini düşünürdülər. Buna görə də Tramp ABŞ fermerləri və digər istehlakçılar üzərindəki təzyiqi azaltmaq məqsədilə Rusiyanın dizel yanacağına qarşı sanksiyaları yumşaldıb.
WSJ yazır ki, iki ABŞ rəsmisi anonimlik şərti ilə məlumat verib: oktyabrın 20-də Trampın kürəkəni Cared Kuşner ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Osloda keçirilən danışıqlara videobağlantı vasitəsilə qoşulub. Danışıqlarda Avropa nümayəndə heyətləri də iştirak edib.
Kuşner Ukrayna prezidentinə deyib ki, o və Uitkoff Ukraynada müharibənin başa çatdırılması şərtləri ilə bağlı Moskva ilə danışıqlar aparmaq üçün “çoxlu vaxt, enerji və reaktiv təyyarələrin yanacağını sərf edirlər”. Onun sözlərinə görə, Kiyevin Rusiyanın neft emalı zavodlarına zərbələri 30 gün müddətinə dayandırması “Ukraynanın minnətdarlığını göstərməsi üçün bir vasitə ola bilər”.
Müəlliflərin qeyd etdiyinə görə, Oslodakı görüşdən bir gün sonra Tramp “SpaceX” şirkətinin rəhbəri İlon Maska zəng edərək Ukrayna üçün “Starlink” peyk rabitəsi sisteminin fəaliyyətini bərpa etməsini xahiş edib. Bununla belə, nəşrin mənbələrinə görə, bu iki məsələ — “Starlink” və neft emalı zavodlarına zərbələr — bir-biri ilə heç cür əlaqəli deyil.
WSJ yazır ki, Tramp və Zelenski arasında ritorikanın kəskinləşməsi, eləcə də “Starlink” sistemindəki nasazlıqlar Kiyevin ən qətiyyətli avropalı tərəfdarlarından bəzilərini də narahat etməyə başlayıb.
Nəşrə danışan avropalı rəsmilərdən birinin sözlərinə görə, avropalılar da Zelenskiyə ABŞ-da keçiriləcək aralıq seçkilər başa çatana qədər neft emalı zavodlarına zərbələri dayandırmağı tövsiyə ediblər.
Almaz Həsənli


.jpg)





































.jpg)



















.jpg)
.jpg)
.jpg)





















