Nanotirannın skeleti Nyu-Yorkda keçirilən hərracda 47 milyon dollara satılıb

Nanotirannın skeleti Nyu-Yorkda keçirilən hərracda 47 milyon dollara satılıb

14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bu yaxınlarda tirannozavrın balaca fərdi deyil, dinozavrların ayrıca cinsi kimi tanınan nanotirannın skeleti Nyu-Yorkda “Sotheby’s” hərracında 47,3 milyon dollara satılıb. Alıcının adı hələ açıqlanmayıb. Təşkilatçılar tapıntının 6–9 milyon dollara satılacağını gözləyirdilər. Oxuməni.az xəbər verir ki, bu barədə “Sotheby’s” hərrac evi məlumat yayıb.

“Codi” ləqəbli skelet hərracda indiyədək satılmış ən bahalı ikinci dinozavr fosili olub. Bu ilin yayında “Qas” adlı tirannozavrın skeleti 50,1 milyon dollara satılaraq rekord müəyyənləşdirib. Həmin satış da “Sotheby’s”də baş tutub.

Hərrac evinin məlumatına görə, “Codi”nin yeni sahibi anonim qalmağı üstün tutub. Təxminən 12 dəqiqə davam edən hərrac zamanı o, telefon və internet vasitəsilə iştirak edən daha beş iddiaçını geridə qoyub.

Nanotirann yetkin tirannozavrdan təxminən iki dəfə qısa olub. Hər iki növ təxminən 67 milyon il əvvəl, Təbaşir dövründə Yer kürəsində yaşayıb. Bununla belə, nanotirannın ön ətrafları nisbətən daha uzun, pəncələrindəki caynaqları daha iri, dişləri isə daha nazik və tiyəyə bənzər olub.

“Codi” bu dinozavrın məlum olan cəmi üç skeletindən biridir. Onun hündürlüyü təxminən iki metr, uzunluğu isə altı metrə yaxındır. Tapıntının təxminən 70 faizinin qorunduğu hesab olunur.

Dinozavr 2019-cu ildə onun aşkar edildiyi Montana ştatındakı rançonun sahibi Codi Pirsonun şərəfinə adlandırılıb.

Bəzi alimlər mühüm fosillərin şəxsi kolleksiyaçılara satılmasına qarşı çıxırlar. Onların fikrincə, “Codi” kimi tapıntılar tədqiqatçıların onları öyrənə, ictimaiyyətin isə öz gözləri ilə görə biləcəyi muzeylərdə və digər elmi müəssisələrdə saxlanılmalıdır.

Ötən il “Sotheby’s” hərracında Qustav Klimtin “Elizabet Ledererin portreti” əsəri 236,4 milyon dollara satılıb. Bu əsərdən daha baha yalnız Leonardo da Vinçinin əsəri satılıb. “Böyük nazik baş” əsərini isə 70 milyon dollara almaq istəyən tapılmayıb.

Almaz Həsənli