Argentina Folklend adaları yaxınlığında neft hasilatına görə Britaniyanı dəniz hüququ üzrə beynəlxalq tribunala müraciətlə hədələyib

Argentina Folklend adaları yaxınlığında neft hasilatına görə Britaniyanı dəniz hüququ üzrə beynəlxalq tribunala müraciətlə hədələyib

14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Argentina hakimiyyəti Böyük Britaniyadan mübahisəli Malvin (Folklend) adalarının akvatoriyasında karbohidrogen hasilatı layihələrini dayandırmağı tələb edib. Oxuməni.az xəbər verir ki, bu barədə Argentina Prezidenti Xavyer Mileyin administrasiyasının bəyanatında bildirilib.

Buenos-Ayres Londonun bu tələbi yerinə yetirməsi üçün iki həftəlik müddət müəyyənləşdirib. Əks halda, Argentina Böyük Britaniyaya qarşı Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalda iddia qaldıracağını vəd edib.

Dövlət başçısı Xavyer Miley Xarici İşlər Nazirliyinə və hüquq xidmətlərinə BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasının müddəalarına uyğun olaraq arbitraj prosesinə başlamaq barədə tapşırıq verib.

Bu prosedur Britaniyanın Rockhopper Exploration və İsrailin Navitas Petroleum şirkətlərinin kontinental şelfdəki yataqların işlənməsini nəzərdə tutan Sea Lion layihəsinin həyata keçirilməsinin qarşısını almağa yönəlib.

Sentyabrın əvvəlində Xavyer Miley xalqa müraciət edərək regionda neft hasilatında iştirak edənlərə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edəcəyini açıqlayıb.

Argentina hökuməti mübahisəli ərazidə karbohidrogen hasilatına aidiyyəti olan 60 hüquqi və fiziki şəxsə qarşı artıq məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyini bəyan edib.

Almaz Həsənli