Putin Ukraynanı yazadək kapitulyasiyaya məcbur etmək niyyətindədir

Putin Ukraynanı yazadək kapitulyasiyaya məcbur etmək niyyətindədir

14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukraynaya qarşı uzaqmənzilli zərbələr strategiyası ölkəyə baha başa gəlir və bu, sonsuzadək davam edə bilməz. Ehtimal olunur ki, Vladimir Putin Ukraynanı 2027-ci ilin yazına qədər kapitulyasiyaya məcbur etməyi hədəfləyir. Oxuməni az xəbər verir ki, bu qənaətə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri gəliblər.

Analitiklərin qeyd etdiyinə görə, Rusiya bu qış Ukraynaya zərbələr kampaniyasını intensivləşdirməyi və sürətləndirməyi planlaşdırır. Hazırda bunun üçün kifayət qədər resurs mövcuddur. Rusiyanın hazırkı zərbələr kampaniyası Ukraynanın Rusiya istehsalı olan reaktiv pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək imkanlarının məhdud olmasına, eləcə də 2026–2027-ci illərin qışında ballistik raketlərdən müdafiə üçün zəruri olan “Patriot” hava hücumundan müdafiə sistemlərinin raket-interseptorlarının çatışmazlığına əsaslanır. Bu strategiya, həmçinin yaxın aylarda Ukraynanın enerji və digər həyati əhəmiyyətli infrastrukturunun Rusiyanın zərbələrinə tab gətirə bilməyəcəyi fərziyyəsinə söykənir.

ISW-nin xəbərdarlığına görə, Rusiyanın hazırkı zərbələr strategiyası Ukraynaya ciddi iqtisadi ziyan vurur. Lakin bu strategiyanın uzun müddət davam etdirilməsi onun saxlanılması xərclərinin zərbələrin birbaşa təsirindən daha yüksək olmasına səbəb ola bilər.

“Putin Rusiyanın Ukraynaya qarşı uzaqmənzilli zərbələr kampaniyasının sonsuzadək davam edəcəyini düşünmür. Görünür, o, Ukraynanı 2027-ci ilin yazına qədər kapitulyasiyaya məcbur etməyə çalışır. Uzaqmənzilli zərbələrə əsaslanan Rusiya strategiyası böyük maliyyə vəsaiti tələb edir və bu, əbədi davam edə bilməz. Xüsusilə də Ukrayna qüvvələrinin Rusiya ərazisinə zərbələrinin intensivliyini artırdığını nəzərə alsaq”, – deyə hesabatda bildirilir.

Analitiklərin fikrincə, Putin Rusiyanın zərbələr kampaniyasının uzunmüddətli xərclərini nəzərə almır və bu qış Ukraynanın müqavimətinin qırılacağına, nəticədə isə kapitulyasiyaya razılaşacağına ümid edir. Analitiklər hesab edirlər ki, Putin yeni strategiyanın imkanları tükənənədək öz tələblərindən geri çəkilməyə və ya atəşkəslə bağlı ciddi danışıqlara başlamağa çətin ki, razı olsun.

Bundan əvvəl britaniyalı müdafiə eksperti Maykl Klark Putinin Ukraynada müharibəni “nəyin bahasına olursa-olsun” udmaq və eyni zamanda Avropanı müdaxilədən çəkindirmək üçün həlledici hücuma hazırlaşa biləcəyini proqnozlaşdırmışdı.

O, Rusiya liderinin hərbi əməliyyatları kəskin şəkildə eskalasiya etməklə yaxın altı ay ərzində münaqişəni həll etməyə cəhd göstərə biləcəyini də istisna etmir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında qışa qədər sülh sazişinin imzalanacağına ümid etdiyini bildirmişdi. Bu bəyanatı şərh edən Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov belə bir razılaşmaya ümid etməyin mümkün olduğunu, lakin “realist olmaq və ən pis ssenariyə hazırlaşmaq” lazım gəldiyini vurğulamışdı.

Almaz Həsənli