ABŞ-ın Tennessi ştatında 200 ildən sonra ilk dəfə qadın edam ediləcək
ABŞ-ın Tennessi ştatında 200 ildən sonra ilk dəfə bir qadın edam ediləcək. Oxuməni.az xəbər verir ki, bu barədə "Unilad" nəşri məlumat yayıb.
Ştatın Ali Məhkəməsi ölüm hökmü ilə saxlanılan yeganə qadın olan 50 yaşlı Kristi Paykın edamını dayandırmaqdan imtina edib. Ona sentyabrın 30-da ölümcül inyeksiya vurulmalıdır. Əgər hökm icra olunarsa, o, Tennessidə 200 ildən çox müddətdə edam edilən ilk qadın olacaq.
Kristi Payk 1995-ci ildə Noksvildə 19 yaşlı Kollin Slemmeri qətlə yetirdiyi üçün ölüm cəzasına məhkum edilib. O zaman qatilin 18 yaşı var idi. O, o vaxtdan bəri demək olar ki, 30 ildir ölüm kamerasında saxlanılır. Vəkilləri hökmün icrasını dayandırmaq üçün cəhdlərini davam etdirirlər. Xüsusilə, onlar əfv üçün 226 səhifəlik vəsatət hazırlayıblar. Bundan əlavə, müdafiə tərəfi məhkumun səhhəti ilə bağlı ölümcül inyeksiyanın tətbiqinə etiraz etməyə çalışıb.
Lakin məhkəmə bu arqumentləri nəzərə almayıb.
Vəkillər həmçinin məhkumun keçmişinə diqqət çəkirlər. Onların sözlərinə görə, Kristi Payk uşaqlıqda cinsi zorakılığa məruz qalıb və o dövrdə diaqnozu qoyulmamış ciddi psixi xəstəlikdən əziyyət çəkib. Vəkillər iddia edirlər ki, 30 il ərzində o, dəyişib, əməllərinin nəticələrini dərk edib və dərin peşmanlıq hissi keçirir.
Edamdan əvvəl Payk yanında yalnız islah müəssisəsinin qadın əməkdaşlarının olmasını xahiş edib.
Almaz Həsənli

















.jpg)

































































