Türkiyə Azərbaycana helikopterlər üçün pulemyot kompleksləri tədarük edəcək

Türkiyə Azərbaycana helikopterlər üçün pulemyot kompleksləri tədarük edəcək

15:17
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyənin müdafiə sənayesi şirkəti Canik Azərbaycan Hərbi Hava Qüvvələrinin Mi-17 helikopterləri üçün yeni silah sisteminin inteqrasiyasını həyata keçirib. Oxuməni.az xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.

Şirkət helikopterlərdə 12,7×99 mm kalibrli M3 iriçaplı pulemyotun istifadəsi üçün nəzərdə tutulmuş FALCON FLEX 50 sistemi vasitəsilə silahların və platformaların inteqrasiya imkanlarını genişləndirir.

Məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin Mi-17 helikopterləri üçün M3 FALCON pulemyotunun və hava gəmiləri üçün hazırlanmış FALCON FLEX 50 qurğusunun inteqrasiyası üzrə işlər aparılıb. Layihə çərçivəsində əvvəlcə Türkiyənin silahlanmasında olan Mi-17 helikopteri tədqiq edilib, daha sonra isə Azərbaycanda ilkin texniki işlər həyata keçirilib.

İnteqrasiya layihəsi başa çatdıqdan sonra ilk prototiplərin sınaqları Samsun şəhərindəki müəssisədə modelləşdirilib. Daha sonra Azərbaycanda uçuşa yararlılıq və atış sınaqları uğurla keçirilib.

Şirkətdən bildirilib ki, sistemlər bu il Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil veriləcək.

FALCON FLEX 50 helikopterlərin qapılarına, pəncərələrinə və arxa yükləmə rampasına quraşdırıla bilən modul tipli silah qurğusudur.

Almaz Həsənli