Polşa Ukrayna əvəzinə “Patriot” raketlərinin istehsalını öz ərazisində yerləşdirməyi təklif edib
Polşa Ukrayna üçün “Patriot” hava hücumundan müdafiə sistemlərinə aid raketlərin istehsalı üzrə müəssisənin öz ərazisində yaradılmasını təklif edib. Varşava belə bir müəssisənin Polşa ərazisində yerləşdirilməsini daha təhlükəsiz hesab edir. Bu təşəbbüsün həyata keçirilməsi müvafiq lisenziyanın verilməsi ilə bağlı ABŞ-ın qərarından asılı olacaq.
Oxuməni.az-ın RMF24-ə istinadən verdiyi məlumata görə, bunu Polşanın milli müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çernetska bəyan edib.
Onun sözlərinə görə, əgər “Patriot” raketlərinin istehsalının Ukraynada yaradılması planlaşdırılırsa, Varşava daha təhlükəsiz alternativ təklif etməyə, yəni zavodu Polşa ərazisində yerləşdirməyə hazırdır.
“Əgər Ukraynada belə bir zavodun tikintisi planlaşdırılırsa, biz onun Polşada, yəni şərti olaraq təhlükəsiz ərazidə inşa edilməsini təklif edirik”, – deyə Sobkovyak-Çernetska vurğulayıb.
O, həmçinin qeyd edib ki, Polşanın öz servis mərkəzini yaratmaq, gələcəkdə isə “Patriot” raketlərinin istehsalına başlamaq üçün icazə alması Ukraynanın analoji lisenziya əldə edib-etməyəcəyindən asılı deyil.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda keçirilən danışıqlardan sonra ABŞ Prezidenti Donald Trampın Ukraynaya “Patriot” sistemləri üçün raketlərin istehsalına dair lisenziyaların verilməsi ilə bağlı yekun qərar qəbul etdiyini bəyan edib.
“Patriot” sistemlərinin raket-interseptorları Ukraynanın Rusiyanın ballistik raketlərindən müdafiəsinin əsas vasitələrindən biri hesab olunur. Kompleksin istehsalçısı olan RTX şirkəti (əvvəlki adı Raytheon) ildə təxminən 500 ədəd “Patriot PAC-3 MSE” raket-interseptoru istehsal edir. Ukrayna Prezidenti Volodimir Zelenski sursat çatışmazlığı ilə bağlı dəfələrlə açıqlama verib və qış aylarında Ukrayna şəhərlərini Rusiyanın hücumlarından qorumaq üçün ABŞ-a öz ehtiyatındakı raketlərin bir hissəsini satmağı təklif edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Ukraynaya “Patriot” raketləri istehsal etməyə icazə verilməsi ilə bağlı vədi Kiyev üçün mühüm siyasi siqnal olsa da, qısa müddətdə raket çatışmazlığı problemini həll etməyəcək. Müdafiə ekspertlərinin qiymətləndirmələrinə görə, belə bir istehsalın işə salınması ən azı bir il və ya daha çox vaxt apara bilər.
Almaz Həsənli




















































































