Tramp: Gələn həftə İranla danışıqlar gözləyirəm
ABŞ Prezidenti Donald Tramp gələn həftə İranla danışıqların davam etdiriləcəyini gözləyir. Oxuməni.az xəbər verir ki, o, bu barədə bazar günü ABŞ-ın "Axios" xəbər portalına verdiyi telefon müsahibəsində bildirib.
"Mən İranla yeni danışıqlar gözləyirəm (gələn həftə - red.). Onlar razılaşma əldə etmək istəyirlər, lakin bu, mənim istədiyim razılaşma deyil. Bəlkə də, bir il əvvəl buna razı olardıq. Onlar öz güclərini olduğundan artıq qiymətləndiriblər", - deyə Ağ Evin rəhbəri bildirib. İranla bağlı zərbələrin bərpası ehtimalını nəzərdən keçirib-keçirmədiyi ilə bağlı suala isə ABŞ lideri "həmişə bu barədə düşünürəm" cavabını verib.
Trampın iki ölkə arasında danışıqların bərpası ilə bağlı sözlərini "Axios"un adlarının açıqlanmasını istəməyən iki regional mənbəsi də təsdiqləyib. Onlar əvvəllər Vaşinqton və Tehran nümayəndələrinin görüşlərində iştirak etmiş Qətər vasitəçilərinin artıq sentyabrın 28-də İranın xarici işlər naziri Abbas Araqçı və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşəcəklərini gözləyirlər.
Eyni zamanda, "Axios" hər iki ölkənin mümkün razılaşmaya dair fərqli baxışlarına diqqət çəkir. Tehran istənilən danışıqları Hörmüz boğazının tam açılmasına və ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının aradan qaldırılmasına yönəltmək istədiyi halda, Vaşinqton İranın nüvə proqramı ilə bağlı güzəştləri də əhatə edən daha geniş bir razılaşmada israr edir.
Bir neçə gün əvvəl Araqçı bildirmişdi ki, Tehran Vaşinqtona müəyyən şərtlər daxilində bir həftə ərzində Hörmüz boğazında gəmi hərəkətini bərpa etməyi və münaqişənin uzunmüddətli həlli ilə bağlı danışıqlara başlamağı təklif edib. KİV-in məlumatına görə, şərtlər arasında bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dayandırılması, İran limanlarının blokadadan çıxarılması, Tehranın dondurulmuş aktivlərinin açılması və İran neftinin ixracına qoyulan məhdudiyyətlərin ləğvi yer alır.
Sentyabrın 26-da Ağ Evin rəhbəri İranın təklifini rədd etdiyini bəyan edib. "Mən onların təklifini rədd edirəm. Onlar boğazın dərhal açılacağı bir razılaşma əldə etmək istəyirlər, çünki böyük zərər görürlər. Onlar razılaşma istəyirlər və məncə, bu normaldır. Mən də razılaşmalar əldə etməyi xoşlayıram, lakin belə bir razılaşma qəbuledilməz olardı", - deyə ABŞ prezidenti bildirib.
Daha əvvəl "The Wall Street Journal" (WSJ) qəzeti adı açıqlanmayan mənbələrə istinadən Trampın İranın təklifini rədd etmək qərarını yaymışdı. Qəzetin məlumatına görə, Amerika lideri noyabr ayında keçiriləcək aralıq konqres seçkilərindən sonra həmin ölkəni bombalamağa davam etmək niyyətində olduğunu köməkçilərinə də bildirib. WSJ-nin mənbələrinə görə, Tramp yeni hərbi əməliyyatı "çox ehtimallı" hesab edir, çünki o, Tehranın nüvə proqramından tamamilə imtina etmək tələbini yerinə yetirmək istəyinə şübhə ilə yanaşır.
Almaz Həsənli




















































































