London meri Britaniyanın yeni referendum keçirilmədən Aİ-yə qaytarılmasına çağırıb
London meri Sadiq Xan Böyük Britaniyanın Baş naziri Endi Bernəmə müraciət edərək, ölkənin Avropa İttifaqına qaytarılması prosesinə başlamağa çağırıb. Paytaxt merinin fikrincə, bunun üçün yeni referendum keçirməyə ehtiyac yoxdur. Oxuməni. az xəbər verir ki, bu barədə "The i Paper" nəşri məlumat yayıb.
Xan, həmçinin Aİ-nin gömrük ittifaqına üzvlüyün "demək olar ki, dərhal" bərpa edilməsini və avroblokun assosiativ üzvü statusunun əldə edilməsi üçün işlərə başlanılmasını təklif edib.
London meri hesab edir ki, hökumətin "Brexit"-dən sonra müəyyən edilmiş və Aİ-yə qayıdış yolunu bağlayan "qırmızı xətlərdən" imtina etməsinin vaxtı çatıb. O vurğulayıb ki, Avropa bazarlarına yaxınlıq və sıx ticarət əlaqələri bu məsələni kritik dərəcədə vacib edir. "Bütün bu “qırmızı xətlər” haqqında söhbətlər boşboğazlıqdan başqa bir şey deyil", - deyə Xan bildirib.
O, xüsusilə beynəlxalq kontekstə diqqət çəkib. Onun sözlərinə görə, hazırda Ağ Evdə proteksionizmə üstünlük verən və artıq İranla müharibə aparan Donald Tramp oturub. "Əgər biz ağıllı olsaydıq, bu faktlar bizi mövqeyimizi dəyişməyə məcbur edərdi. Biz özümüzə bu qədər zərər verən məsələlərdə bu qədər doqmatik olmamalıyıq", - deyə mer vurğulayıb.
"The i Paper" qeyd edir ki, bu bəyanatdan bir qədər əvvəl Endi Bernəm Leyboristlər Partiyasının seçki proqramına ölkəni Aİ-yə qaytarmaq vədinin daxil edilməsi imkanını istisna etməyib. Xan bu siqnalı müsbət qarşılasa da, onu kifayət qədər hesab etməyib. Onun fikrincə, hakimiyyət artıq indi "Brexit"-in vurduğu zərərlər və ittifaqa üzvlüyün faydaları haqqında açıq danışmalıdır. O, Aİ-dən çıxışı "Böyük Britaniya tarixində ən böyük iqtisadi özünəməhv aktı" kimi xarakterizə edib.
Bununla belə, Dauninq-stritdə bu məsələ ilə bağlı vahid fikir yoxdur. Nəşrin mənbələri bildirir ki, nazirlərin bir hissəsi Aİ-yə qayıtmaq ideyasının növbəti seçki proqramına daxil edilməsini dəstəkləyir. Hökumətin digər bir üzvü isə belə bir ssenarini qeyri-real adlandırıb. "Bizi geri qayıtmağa çağıran səslər eşidilir, lakin mən bunu real ssenari hesab etmirəm", - deyə "The i Paper"-in həmsöhbəti bildirib.
Almaz Həsənli















.jpg)



































































