Fiziklər qaranlıq maddəni sözün əsl mənasında boşluqdan yaratmağın yolunu tapıblar
Fiziklər hissəciklər sürətləndiricisindən istifadə etməklə qaranlıq maddənin mümkün hissəciklərini sözün əsl mənasında boş məkandan yaratmağın üsulunu təklif ediblər. Atom nüvələri kifayət qədər yüksək sürətə çatdırılarsa, onlar vakuumu elə “silkələyə” bilər ki, nəticədə orada hipotetik hissəciklər — aksion cütləri yaranar. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri Physical Review D (PRD) jurnalında dərc olunub.
Bu ideyanı Drezdendəki Helmholts Mərkəzinin alimləri irəli sürüblər. Təklifin əsasını dinamik Kazimir effekti təşkil edir. Bu effektə görə, əslində, “boş” vakuum belə kvant sahələrinin rəqsləri ilə doludur və sürətlə hərəkət edən nüvə həmin rəqslərin enerjisini real hissəciklərə çevirə bilər. Sürətləndirilmiş nüvənin öz nöqteyi-nəzərindən isə boşluq hissəciklərlə dolu “isti vanna” kimi görünərdi (Unruh effekti) və bu mühitdən aksionlar “qoparıla” bilərdi.
Aksionlar indiyədək müşahidə edilməmiş hipotetik, son dərəcə yüngül hissəciklərdir. Bununla belə, onlar qaranlıq maddənin əsas namizədlərindən biri hesab olunur. Qaranlıq maddə işıq şüalandırmır və adi maddə ilə demək olar ki, qarşılıqlı təsirə girmir. Lakin kütləsinə görə Kainatda görünən bütün maddələri dəfələrlə üstələyir və qalaktikaların dağılmasının qarşısını alır.
Müəlliflərin hesablamalarına görə, ağır ionların nüvələrinin bir-birinə demək olar ki, toxunmadan yan keçdiyi “toxunan” toqquşmalar zamanı dolaşıq aksion cütləri yarana bilər. Bu isə mövcud hissəciklər sürətləndiricilərindən prinsipcə, həmin fərziyyəni yoxlamaq üçün istifadə etməyin mümkünlüyünü göstərir. Hələlik söhbət real eksperimentdən deyil, nəzəri təklifdən gedir və aksionların aşkar edilməsi gələcəyin məsələsi olaraq qalır. Bununla belə, qaranlıq maddəni “heç nədən” əldə etmək ideyası müasir fizikanın ən böyük sirlərindən birinin açılmasına aparan yolların nə qədər gözlənilməz ola biləcəyini göstərir.
Qaranlıq maddə müasir elmin ən böyük müəmmalarından biridir. Onun mövcudluğu ulduzların və qalaktikaların hərəkətindən irəli gələn nəticələrlə əsaslandırılsa da, onu təşkil edən hissəciklər indiyədək heç bir eksperimentdə aşkar edilməyib. Alimlər həmin hissəcikləri həm dərin yeraltı detektorlarda, həm kosmosda, həm də hissəciklər sürətləndiricilərində axtarırlar. Aksionlar xüsusilə maraq doğurur, çünki onlar eyni zamanda fizikanın uzun müddətdir həllini gözləyən başqa bir problemini də aradan qaldıra bilər. Buna görə də alimlər bu hissəciklərin axtarışına xüsusi diqqət yetirirlər.
Almaz Həsənli





























.jpg)

































































