Tramp və iri texnologiya şirkətlərinin rəhbərləri süni intellektə nəzarətlə bağlı saziş imzalayıblar
Süni intellekt sahəsində tədqiqat və işləmələrlə məşğul olan ABŞ-ın ən böyük şirkətlərinin rəhbərləri süni intellekt modellərinə nəzarətin gücləndirilməsi ilə bağlı saziş imzalayıblar. Sənəd Ağ Evdə keçirilən görüş zamanı imzalanıb. Oxuməni. az xəbər verir ki, sazişin mətnini ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində yayımlayıb.
Sənəddə texnologiya şirkətlərinin süni intellekt modelləri üçün standartlar hazırlamaq öhdəliyi və öz işləmələrinə görə məsuliyyəti təsbit olunur. Məsələn, şirkətlərin öz modellərinin digər sistemləri sındırmasının qarşısını almaq üçün nəzarət həyata keçirməli olduqları ayrıca qeyd edilir. Süni intellektin yaradıcılarının nəzərdə tutduğu kimi fəaliyyət göstərib-göstərmədiyini qiymətləndirmək üçün şirkətlər müstəqil auditorlara müraciət etməli olacaqlar.
Sənədi OpenAI şirkətinin həmtəsisçisi Qreq Brokman, Anthropic şirkətinin baş direktoru Dario Amodei, Meta şirkətinin həmtəsisçisi Mark Zukerberq, Google şirkətinin baş icraçı direktoru Sundar Piçai, xAI şirkətinin rəhbəri İlon Mask və Nvidia şirkətinin prezidenti Censen Huanq imzalayıblar.
Sazişin imzalanma mərasimindən əvvəl çıxış edən Mark Zukerberq şirkətlərin süni intellekt sistemləri üçün “etibarlı daxili nəzarət mexanizmləri” hazırlamaq barədə razılığa gəldiklərini təsdiqləyib.
Daha sonra ABŞ Prezidenti Donald Tramp süni intellekt alətlərinin təhlükəsizliyinə nəzarət edəcək 10 nəfərdən ibarət xüsusi şuranın yaradılması imkanını nəzərdən keçirdiyini bildirib.
O, həmçinin yaxın vaxtlarda Ağ Evin süni intellekt sahəsində siyasətinə rəhbərlik edəcək ayrıca vəzifənin təsis olunacağını qeyd edib. Bu vəzifəyə kimin təyin ediləcəyi hələlik məlum deyil. Trampın elan etdiyi təhlükəsizlik şurasına kimlərin daxil olacağı da açıqlanmayıb.
“Bu, müəyyən mənada, demək olar ki, konstitusiyadır. Onu dünyanın ən nüfuzlu şəxsləri imzalayıblar və mən də prezident kimi ona imza atmışam. Bu, həqiqətən də bir müdafiə formasıdır”, – deyə Tramp sazişi şərh edib.
Almaz Həsənli























































.jpg)




























