Pentaqon "Boeing" ilə altıncı nəsil qırıcılar üçün 20 milyard dollarlıq müqavilə imzalayıb
ABŞ Müdafiə Nazirliyi "Boeing Co." şirkəti ilə 2030-cu illərdən etibarən Amerika təyyarədaşıyan gəmilərində istifadə olunacaq altıncı nəsil F/A-XX göyərtə stels-qırıcılarının istehsalı üçün 20 milyard dollarlıq müqavilə bağlandığını elan edib.
Oxuməni.az-ın "İnterfax"-a istinadən verdiyi məlumata görə, bu barədə sentyabrın 29-da qurumun saytında dərc olunmuş bəyanatda bildirilir.
Pentaqondan qeyd ediblər ki, F/A-XX qırıcısı təyyarədaşıyan gəmilərdən onilliklər boyu qabaqcıl güc proyeksiya etməyə imkan verəcək. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin köhnəlmiş F/A-18E/F "Super Hornet" və EA-18G "Growler" qırıcılarını əvəz edəcək və beşinci nəsil F-35C göyərtə qırıcıları ilə birlikdə istismar olunacaq. Bundan əlavə, F/A-XX birgə döyüş aviasiyası üçün təyyarələr (CCA) kimi tanınan yarımavtonom pilotsuz platformalarla birgə əməliyyatlar yerinə yetirə biləcək.
"Altıncı nəsil qırıcı hava üstünlüyünün əldə edilməsində bir sıçrayışdır. O, dünyanın ən yaxşı pilotlarına döyüş aparmaq, qələbə qazanmaq və sağ-salamat evə qayıtmaq üçün misilsiz imkanlar verəcək. Biz "Boeing" ilə əməkdaşlıq etməkdən və hərbçilərimizin səmalarda hökmranlığı davam etdirərək ölkəmizin düşmənlərinə qalib gələ biləcəklərindən məmnunuq", - deyə Hərbi Dəniz Qüvvələri nazirinin vəzifəsini icra edən Hunq Kao bildirib.
"F/A-XX güc yolu ilə sülhü qorumaq səylərimizdə ən mühüm sütundur. F/A-XX mübahisəli hava məkanında üstünlük təşkil edəcək, operativ imkanları genişləndirəcək və həlledici döyüş üstünlüyünü təmin edəcək", - deyə müdafiə nazirinin satınalma və təminat üzrə müavini Maykl Daffi qeyd edib.
Pentaqon alınacaq təyyarələrin sayı, məxfi hesab olunan texniki göstəriciləri, eləcə də istismara verilməsinin dəqiq müddətləri barədə məlumat vermir.
"Air and Space Forces Magazine" jurnalının məlumatına görə, F/A-XX-in havada yanacaq doldurmadan uçuş məsafəsi Hərbi Dəniz Qüvvələrinin hazırkı qırıcılarından 25% çox olacaq. F/A-18 "Super Hornet"-in döyüş radiusu təxminən 2350 km-dir ki, bu da 2200 km-dən çox olan F-35C "Lightning II"-nin döyüş radiusundan bir qədər çoxdur.
Bununla yanaşı, hərbi analitiklər hesab edirlər ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin "Boeing" şirkətini seçməsi (şirkət artıq NGAD proqramı çərçivəsində ABŞ Hərbi Hava Qüvvələri üçün perspektivli altıncı nəsil F-47 qırıcısının hazırlanması ilə məşğuldur) F/A-XX-in yaradılması prosesini sürətləndirə və onun istehsalına daha tez başlanılmasına imkan verə bilər.
Almaz Həsənli














































.jpg)




































