Aİ Gürcüstanın ATƏT-ə sədrliyinə qarşı çıxıb

Aİ Gürcüstanın ATƏT-ə sədrliyinə qarşı çıxıb

11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan 2027-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik etmək üçün rəsmi namizədliyini irəli sürüb, lakin Avropa İttifaqının (Aİ) müqaviməti ilə üzləşib. Oxuməni.az xəbər verir ki, bu barədə Brüsselin "Rapporteur" (əvvəlki adı "Euractiv") portalı məlumat yayıb.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin bu rola hazır olduğunu və bütün üzv dövlətlərlə əməkdaşlıq etmək niyyətində olduğunu bəyan edib. Bununla belə, Aİ-nin rəsmi nümayəndəsi Kristian Viqand Brüsselin hələ də Kiprin namizədliyini dəstəklədiyini və alternativ variantları nəzərdən keçirmədiyini təsdiqləyib.

ATƏT-in daxilində mürəkkəb vəziyyət yaranıb. Kipr yeganə rəsmi namizəd olaraq qalır, lakin onun namizədliyi Türkiyə tərəfindən bloklanıb. Bu fonda Gürcüstan özünü alternativ namizəd kimi təqdim etməyə çalışır. Nəşrin məlumatına görə, Baltikyanı ölkələr Gürcüstanın müraciətinə xüsusilə mənfi yanaşırlar.

Bu diplomatik mübahisənin həlli dekabrın 3-4-də Luqanoda keçiriləcək ATƏT Nazirlər Şurasının növbəti iclasında gözlənilir.

Almaz Həsənli