DeepSeek “Nvidia”-nı əvəz edə biləcək Huawei çipləri üçün alətlər hazırlayıb
Çinin süni intellekt sahəsində fəaliyyət göstərən DeepSeek startapı Huawei şirkəti ilə birgə süni intellekt prosessorlarının proqramlaşdırılması üçün hazırladığı proqram təminatını açıq istifadəyə verib. Bu addım iki Çin şirkətinin ABŞ-ın Nvidia şirkətini əvəz edə biləcək texnologiyaların hazırlanması istiqamətində əməkdaşlığını nümayiş etdirir.
Oxuməni.az-ın Bloomberg-ə istinadən verdiyi məlumata görə, alətlər toplusu Huawei Ascend sürətləndiriciləri üçün nəzərdə tutulub və açıq mənbə kodu ilə pulsuz yükləmək mümkündür. Bu alətlər arasında Nvidia-nın süni intellekt sahəsində dünya standartı hesab olunan CUDA platformasına Çinin cavabı kimi təqdim edilən TileLang proqramlaşdırma dili də var.
Hər iki şirkət Pekinin ABŞ istehsalı olan proqram təminatını və mikrosxemləri yerli analoqlarla əvəzləmək məqsədini həyata keçirməyə çalışan aparıcı şirkətlər sırasındadır. DeepSeek Anthropic və OpenAI ilə rəqabət aparmaq üçün açıq çəkilərə malik süni intellekt modelləri hazırlayır, Huawei isə məlumat mərkəzləri üçün zəruri olan hesablama sürətləndiriciləri istehsal edir.
Dünyada süni intellekt modellərinin təlimi əsasən Nvidia yarımkeçiricilərinə əsaslansa da, DeepSeek yerli istehsal olan prosessorlardan istifadəyə fəal şəkildə keçid edir. Startap Daxili Monqolustanda inşa edilən öz məlumat mərkəzində Huawei-nin ən güclü sürətləndiricilərindən ən azı 160 min ədəd quraşdırmağı planlaşdırır.
Bundan əlavə, şirkət bu il baş tuta biləcək ilkin kütləvi səhm təklifindən (IPO) əvvəl təxminən 74 milyard dollar (500 milyard yuan) dəyərində qiymətləndirmə ilə investisiya cəlbi mərhələsini başa çatdırır.
DeepSeek nümayəndələri WeChat sosial şəbəkəsindəki paylaşımda qeyd ediblər ki, kodun asan yazılmasına imkan verən, yaxşı düşünülmüş proqramlaşdırma dili səmərəli süni intellekt ekosisteminin qurulması üçün həlledici əhəmiyyət daşıyır. Startap Huawei-nin tam dəstəyi ilə proqram təminatını Ascend 950 prosessorları üçün optimallaşdırıb və birgə innovasiyalar istiqamətində əməkdaşlığı davam etdirməyi planlaşdırır.
Xatırladaq ki, daha əvvəl Çinin DeepSeek süni intellekt startapının illik gəlirinin 1 milyard dollara çatdığı bildirilmişdi. Hesablamalara əsaslanan bu göstərici bir neçə ay əvvəl açıqlanan rəqəmlə müqayisədə iki dəfədən çox artıb.
Almaz Həsənli

































































.jpg)


















