ABŞ İraqda “Sarsılmaz qətiyyət” əməliyyatını rəsmən başa çatdırıb

ABŞ İraqda “Sarsılmaz qətiyyət” əməliyyatını rəsmən başa çatdırıb

15:23
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və müttəfiq ölkələr çərşənbə günü İraqda 12 il davam edən “Sarsılmaz qətiyyət” (Operation Inherent Resolve) əməliyyatının başa çatdığını elan ediblər. Oxuməni. az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnellin qurumun rəsmi saytında dərc olunan bəyanatında bildirilib.

Əməliyyat ABŞ-ın beynəlxalq koalisiyadakı tərəfdaşları ilə birlikdə, 2024-cü ilin sentyabrında imzalanmış ABŞ-İraq bəyanatına uyğun olaraq başa çatdırılıb. Parnellin sözlərinə görə, koalisiya qüvvələrinin və hərbi texnikasının Ərbil aviabazasından planlı şəkildə çıxarılması ölkədəki hərbi missiyanın başa çatdığını göstərib.

Onun sözlərinə görə, 12 il davam edən əməliyyat nəticəsində İraqda “İslam Dövləti” terror təşkilatı mütəşəkkil hərbi qüvvə kimi darmadağın edilib. Hazırda ölkə beynəlxalq koalisiyanın hərbi missiyasından əsasən öz qüvvələri hesabına təhlükəsizliyin təmin edilməsi mərhələsinə keçir.

İŞİD-in qalıqları və İranla əlaqəli silahlı birləşmələr də daxil olmaqla, mövcud təhlükələrə qarşı mübarizədə əsas məsuliyyət İraq hökumətinin üzərinə düşəcək. Bu istiqamətdə işə peşmərgə qüvvələri və İraq Kürdüstanının digər bölmələri də daxil olmaqla, İraqın təhlükəsizlik qüvvələri rəhbərlik etməlidir.

Bununla yanaşı, ABŞ İraq qüvvələrinə məqsədyönlü təlim yardımı göstərməkdə və kəşfiyyat məlumatları ilə təmin etməkdə davam edəcək. Vaşinqton, həmçinin terrorizmlə mübarizə sahəsində Bağdadla əməkdaşlığı davam etdirmək niyyətindədir.

Sentyabrın 28-də ABŞ hərbi qüvvələrinin İraqdan tamamilə çıxarıldığı məlum olub. İraq hökumətinin nümayəndəsi DPA agentliyinə bildirib ki, ABŞ-ın bütün döyüş bölmələri və arxa cəbhə təminatı ilə məşğul olan şəxsi heyəti ölkəni tərk edib.

Almaz Həsənli