ABŞ məhkəməsi “Paramount”-un “Warner Bros.” ilə 110 milyard dollarlıq birləşməsini başa çatdırmasına icazə verib
Sentyabrın 30-da ABŞ-ın Kaliforniya ştatının Şimal Dairəsi üzrə Federal Məhkəməsi Paramount Skydance media korporasiyasının Kaliforniya və daha 11 ştatın hakimiyyət orqanları ilə əldə etdiyi razılaşmanı təsdiqləyib. Həmin ştatlar Paramount-un Warner Bros. Discovery ilə birləşməsinin qarşısını almağa çalışırdı. Oxuməni.az CNBC-nin məlumatına istinadla xəbər verir ki, məhkəmənin bu qərarı 110 milyard dollarlıq sövdələşmənin başa çatdırılması yolunda sonuncu maneəni aradan qaldırıb.
Həmin gün Paramount və Warner Bros. birləşmənin oktyabrın 6-da başa çatdırılacağını elan ediblər. Paramount-un baş icraçı direktoru Devid Ellison bildirib ki, birləşdirilmiş şirkətin həmsədrlərindən biri oyuncaq istehsalçısı Mattel-ə rəhbərlik etmiş İnon Kreyz olacaq. O, oktyabrın 5-də yeni şirkətdə fəaliyyətə başlayacaq.
Bəyanatda qeyd olunur ki, Devid Ellison korporasiyada strategiya, yaradıcılıq və texnologiya kimi məsələlərə cavabdeh olacaq. İnon Kreyz isə şirkətin gündəlik fəaliyyətinə rəhbərlik edəcək və hər iki şirkətin aktivlərinin birləşdirilməsi ilə məşğul olacaq.
Paramount və Warner Bros. fevral ayında birləşmə barədə razılığa gəliblər. Lakin sövdələşmə həm kino sənayesində, həm də tənzimləyici qurumlar tərəfindən ciddi müqavimətlə üzləşib. İyul ayında 12 ştat sövdələşmənin qarşısının alınması tələbi ilə məhkəməyə müraciət edib. Onların fikrincə, birləşmə bazarda azad rəqabətə təhlükə yaradan nəhəng media korporasiyasının meydana çıxmasına səbəb olacaqdı.
Nəticədə Paramount sentyabr ayında həmin ştatlarla razılığa gələ bilib və indi bu razılaşma məhkəmə tərəfindən təsdiqlənib.
Razılaşmanın şərtlərinə əsasən, birləşdirilmiş şirkət beş il ərzində ildə ən azı 30 film istehsal etməli və ABŞ-ın kino sənayesinə hər il əlavə olaraq 300 milyon dollar sərmayə yatırmalıdır.
Almaz Həsənli




















































































