İran nüvə obyektlərinə müfəttişlərin qayıtması üçün şərtini açıqlayıb
İran beynəlxalq müfəttişlərin zərbələrə məruz qalmış nüvə obyektlərinə girişini sanksiyaların yumşaldılması müqabilində bərpa etməyə hazırdır. Oxuməni.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi qapalı danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Araqçı müvafiq imkanı BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda olduğu müddətdə avropalı və yaxın şərqli diplomatlarla keçirdiyi görüşlərdə müzakirə edib.
"Bloomberg"-in həmsöhbətləri hesab edirlər ki, Tehranın belə bir güzəştə getməyə hazır olması ölkənin ciddi iqtisadi təzyiq altında olduğundan xəbər verə bilər. Agentliyin məlumatına görə, İranda illik inflyasiya 90%-ə yaxınlaşıb, rial isə dollara nisbətdə təxminən 30% dəyərdən düşüb.
Araqçı, həmçinin Avropa ölkələrini İrana qarşı genişmiqyaslı sanksiyaların bərpası ilə bağlı BMT-nin qərarını ləğv etməyə çağırıb. "Bloomberg" qeyd edir ki, Avropa rəsmiləri hələlik bu addımı atmaqdan imtina edirlər.
Agentlik vurğulayır ki, ABŞ və İran arasında danışıqlar hələlik heç bir razılaşma ilə nəticələnməyib. Məlumata görə, Vaşinqton Tehrandan Hörmüz boğazının açılması ilə bağlı möhkəm öhdəliklər və nüvə proqramı ilə bağlı güzəştlər tələb edir.
Sentyabrın 17-də İran ABŞ-ı agentliyin nizamnaməsinin müddəalarını pozmaqda ittiham edərək, onun Beynəlxalq Atom Enerjisi Agentliyindəki (MAQATE) üzvlüyünün dayandırılmasına çağırıb. Sentyabrın 13-də isə ABŞ-ın energetika naziri Kris Rayt yazıb ki, Tehran özünün uranın zənginləşdirilməsi proqramından imtina edəcəyi təqdirdə, Vaşinqton İranı nüvə yanacağı ilə təmin etməyə hazırdır.
Almaz Həsənli




















































































