Zelenski Ukraynanın FP-7 ballistik raketinin ilk dəfə döyüş şəraitində tətbiq olunduğunu açıqlayıb
Ukrayna Silahlı Qüvvələri “Fire Point” şirkəti tərəfindən hazırlanan FP-7 taktiki ballistik raketini ilk dəfə döyüş şəraitində tətbiq edib. Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında məlumat verib.
O, paylaşımında yazıb:
“Ukraynanın taktiki ballistik raketi. FP-7. İlk döyüş tətbiqi. Nəticəyə görə təşəkkür edirəm”.
Zelenski əlavə edib ki, Ukrayna bu tip raketlərin seriyalı istehsalını həyata keçirəcək. O, zərbə ilə bağlı başqa təfərrüatları açıqlamayıb.
“Fire Point” şirkəti FP-7 raketini 2025-ci ildə təqdim edib. 2026-cı ilin fevralında isə raketin yerüstü qurğudan sınaq buraxılışını əks etdirən video yayımlanıb. Bildirilən texniki xüsusiyyətlərə görə, raket 200 kilometrədək məsafədəki yerüstü hədəfləri vura və 150 kiloqramadək ağırlığında döyüş başlığı daşıya bilir. Raketin bəyan edilən dəqiqliyi 14 metrədək, maksimal sürəti saniyədə 1500 metr, uçuş hündürlüyü isə 65 kilometrədəkdir.
Sentyabr ayında “Fire Point” şirkəti FP-7 raketinin hərbi sınaqlar mərhələsinə keçdiyini açıqlayıb. Şirkətin baş direktoru İrina Tereh həmin vaxt raketin artıq iki ilkin mərhələni — yerüstü və laboratoriya yoxlamalarını, eləcə də uçuş sınaqlarını başa vurduğunu bildirib.
Avqustun əvvəlinə qədər FP-7 raketi ilə təxminən 15 sınaq buraxılışı həyata keçirilib. Raketin hazırlanmasında S-300 və S-400 zenit-raket komplekslərində istifadə olunan sovet istehsalı 48N6 raketinin konstruktiv həllərindən yararlanılıb. Bununla belə, Terehin sözlərinə görə, FP-7-nin ilkin konstruksiya ilə oxşarlığı cəmi 20 faiz təşkil edir.
Almaz Həsənli




















































































