Filippində yeddi mədənçinin qazdan zəhərlənərək öldüyü ehtimal edilir

Filippində yeddi mədənçinin qazdan zəhərlənərək öldüyü ehtimal edilir

16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Filippinin şimalındakı Benqet əyalətində həftənin əvvəlində azı yeddi mədənçi (şaxtaçı) ölüb. Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin şimalındakı Dağlıq Əyalət hökumətinin mətbuat xidməti məlumat verib.

Polis ölümə qazdan zəhərlənmənin səbəb olduğunu ehtimal edir. Hadisənin təfərrüatları ilə bağlı araşdırma davam edir.

Mədənçilər sentyabrın 30-u axşam saatlarında Luzon adasında yerləşən Benqet əyalətindəki dar tuneldə ölüblər. Onların cəsədləri ertəsi gün tunelin girişindən təxminən 20 metr məsafədə aşkarlanıb.

İlkin məlumatlara görə, ölənlərin yaşı 18-62 arasında olub. Polis mədənçilərin hansı qazdan zəhərləndiyini, eləcə də qazın tuneldə hansı mənbədən yarandığını hələ müəyyən etməyib.

Hüquq-mühafizə orqanları araşdırmanı davam etdirir və hadisənin bütün təfərrüatlarını müəyyənləşdirir. Ölənlərin yaxınları polisə hadisəni bədbəxt hadisə hesab etdiklərini bildiriblər.

Hadisə faydalı qazıntıların çıxarıldığı ərazidə baş verib. Belə yeraltı mədən işləri təhlükəli qazların toplanması riski ilə müşayiət olunur.

Almaz Həsənli