Bitcoin 87 min dollara yüksəlib
Bitcoin sentyabrın dəyişkən yekunlaşmasından sonra oktyabr ayına yenidən artımla başlayıb. Oktyabrın 2-də kriptovalyutanın məzənnəsi 87 min dollara yaxınlaşıb. Oxuməni.az “TradingView” məlumatına istinadla xəbər verir ki, bazara ABŞ-da inflyasiya ilə bağlı yeni məlumatlar və Federal Ehtiyat Sisteminin faiz dərəcəsini artıracağı ilə bağlı gözləntilərin azalması dəstək verib.
Bitcoinin əsas artımı oktyabrın 2-də səhər saatlarında baş verib. Bakı vaxtı ilə saat 05:00-dan etibarən bir neçə saat ərzində kriptovalyutanın qiyməti 2 faizdən çox yüksələrək bir anda 86,9 min dollara çatıb. Bu, bazardakı digər kriptovalyutaların da bahalaşması ilə eyni vaxta təsadüf edib.
Digər iri kriptoaktivlərin əksəriyyətində də müsbət dinamika müşahidə olunur. Yalnız bəzi altkoinlər istisna təşkil edir.
Fyuçers mövqelərinin 24 saatlıq likvidasiyalarının həcmi 326,53 milyon dollara çatıb və burada əsas pay “short” mövqelərin üzərinə düşüb. Məbləğin təxminən üçdə biri bitcoinin payına düşür. Ümumilikdə 77 mindən çox treyder likvidasiya dalğasına məruz qalıb.
“CoinStats”ın məlumatına görə, son 24 saat ərzində qorxu və tamah indeksi dəyişməyib. Ötən həftə ilə müqayisədə isə göstərici 6 bənd azalıb.
Beləliklə, oktyabrın əvvəlində bitcoinin dinamikasına bir neçə amil təsir göstərir: ABŞ Federal Ehtiyat Sisteminin pul siyasəti ilə bağlı daha yumşaq gözləntilər, inflyasiya üzrə daha əlverişli məlumatlar və institusional investorların ETF-lər vasitəsilə yüksək tələbi. Bununla yanaşı, bazar yeni makroiqtisadi məlumatlara, xüsusilə də ABŞ-da məşğulluq hesabatına həssas olaraq qalır.
Almaz Həsənli




























































































