Azərbaycanda “Birlik gücü – 2026” beynəlxalq hərbi təlimləri başa çatıb

Azərbaycanda “Birlik gücü – 2026” beynəlxalq hərbi təlimləri başa çatıb

14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan, Türkiyə və Özbəkistanın birgə keçirdiyi “Birlik gücü – 2026” hərbi təlimləri başa çatıb. Təlimlər Qarabağ iqtisadi rayonundakı “Qızılqaya”, Naxçıvan Muxtar Respublikasındakı “Qarabağlar” təlim mərkəzlərində və Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Böyük Zirə” təlim poliqonunda keçirilib. Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Üç ölkənin hərbi qulluqçularının iştirak etdiyi, doqquz ölkənin nümayəndələrinin isə müşahidəçi qismində qatıldığı təlimlər hərbçilər arasında təcrübə mübadiləsinə, döyüş hazırlığının artırılmasına və dostluq əlaqələrinin genişləndirilməsinə töhfə verib.

Bildirilib ki, mürəkkəb relyefə malik ərazilərdə, real döyüş şəraitinə maksimum yaxın vəziyyətdə tapşırıqların yerinə yetirilməsi zamanı hərbi qulluqçular yüksək peşəkarlıq, taktiki hazırlıq və qarşılıqlı uzlaşma nümayiş etdirərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəliblər.

Qeyd edək ki, “Birlik gücü – 2026” hərbi təlimlərinin rəsmi açılış mərasimi sentyabrın 22-də keçirilib. Doqquz ölkənin nümayəndələri hərbi manevrləri müşahidəçi qismində izləyiblər.

Oxuməni.az