Bioloq xərçəng hüceyrələrinin kimyaterapiyanı, dərinin isə solyariumu necə “yadda saxladığını” izah edib
Anadangəlmə immunitet öyrənmək qabiliyyətinə malikdir, bəzi xərçəng hüceyrələri kimyaterapiyanı “yadda saxlayaraq” ona qarşı davamlılığını artırır, dərinin qaralması isə hüceyrə yaddaşının tipik nümunəsidir. Oxuməni.az xəbər verir ki, hüceyrə yaddaşının orqanizmdəki fəaliyyət mexanizmlərini Nyu-York Universitetinin professoru, neyrobioloq Nikolay Kukuşkin “Gazeta.Ru”ya müsahibəsində izah edib.
Alimin xatırlatdığına görə, immunitet anadangəlmə və qazanılmış olmaqla iki yerə bölünür. Birinci növ immunitet insanda doğuşdan mövcud olur, ikinci növ isə patogenlərlə təmas nəticəsində formalaşır və öyrənir.
“Əslində, anadangəlmə immun sistemi də öyrənmək qabiliyyətinə malikdir, sadəcə bunu bizim araşdırdığımız mexanizmlərdən fərqli yollarla həyata keçirir. Məsələn, iltihabi reaksiyalar qidalanma və bağırsaq mikroflorası ilə əlaqəlidir. Bu təsirlərin hüceyrə yaddaşı vasitəsilə immun sistemində qorunub saxlanıldığı şübhəsizdir”, – deyə bioloq bildirib.
Elmdə bu hadisə “məşq etdirilmiş immunitet” (trained immunity) adlanır.
Hüceyrə yaddaşı anlayışının digər tətbiq sahəsi şişlərin müalicəyə qarşı davamlılığıdır. Kimyaterapiya zamanı xərçəng şişinin hüceyrələrinin böyük hissəsi məhv olur, lakin davamlı hüceyrələr sağ qalır. Bu, təsadüfi mutasiyalara uğramış hüceyrələrin təbii seçilməsinin nəticəsi ola bilər. Bununla yanaşı, hüceyrə yaddaşı da bu prosesdə rol oynaya bilər.
“Hüceyrə əvvəldən onu zəhərləməyə çalışdığımız maddəyə müəyyən reaksiya verə bilərdi. Lakin biz həmin maddəni bir neçə dəfə fasilələrlə tətbiq etdikdə hüceyrə bu təsirləri qeydə aldı, dəyişdi və maddəyə qarşı davamlılığını artırdı. Elə alimlər var ki, onların bütün tədqiqat proqramları xərçəng hüceyrələrini bu davamlılıqdan “uzaqlaşdırmağa” yönəlib”, – deyə Kukuşkin nümunə göstərib.
Onun sözlərinə görə, hüceyrələr stimulların zaman üzrə ardıcıllığını da fərqləndirə bilir. Hüceyrə üçün 12 dəqiqə fasiləsiz təsir göstərən maddə ilə aralarında fasilələr olmaqla dörd dəfə, hər biri üç dəqiqə davam edən təsir eyni hadisə deyil.
“Eyni şəkildə, dərinin melanositləri təbii günəş işığı ilə solyariumu fərqləndirə bilir. İlk baxışdan ultrabənövşəyi şüalanma eyni olsa da, onun hansı ardıcıllıqla və hansı müddət ərzində təsir göstərməsindən asılı olaraq hüceyrənin reaksiyası və uzunmüddətli cavabı, yəni hüceyrə yaddaşı da fərqlənir”, – deyə professor qeyd edib.
Alim bildirib ki, sümük toxuması da oxşar mexanizmlə fəaliyyət göstərir. Saniyələr ərzində sümüyə təsir edən mexaniki yükün xarakteri onun günlər və aylar ərzində böyüməsinə təsir göstərir.
“İstənilən hüceyrə — istər xərçəng, istərsə də sağlam hüceyrə olsun — başına gələnləri qeydə alır və buna uyğun olaraq müəyyən dəyişikliklərə məruz qalır. Bu yaddaşın düzgün və ya yanlış olması isə hansı nöqteyi-nəzərdən yanaşmağımızdan asılıdır. Xərçəng hüceyrəsi üçün davamlılıq çox faydalı yaddaşdır və o, bundan “məmnundur”. Bizim nöqteyi-nəzərimizdən isə bu, xilas olmaq istədiyimiz yaddaşdır”, – deyə professor fikrini yekunlaşdırıb.
Almaz Həsənli
































































































