ABŞ üçüncü ölkələrdən Ukraynaya “Patriot” raketlərinin verilməsinə razılıq verməyib
ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfdaş ölkələrin Ukraynaya “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket-ələkeçiricilər verməsinə razılıq verməyib. Oxuməni.az xəbər verir ki, bu barədə The Washington Post (WaPo) məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Mənbələrin sözlərinə görə, Kiyevə raketlərin bir hissəsini həmişə tərəfdaş ölkələr təqdim edib, lakin hər bir partiyanın göndərilməsi üçün ABŞ-ın razılığı tələb olunub. ABŞ-ın müdafiə naziri Pit Heqset son müraciətləri qeyri-müəyyən vəziyyətdə saxlayıb: onları nə rəsmi şəkildə rədd edib, nə də təsdiqləyib. Bununla yanaşı, o, Kiyevə digər silahların tədarükünə razılıq verib.
CNN-in məlumatına görə, ötən həftə Ukrayna “Patriot” sistemləri üçün rakıt çatışmazlığı ilə üzləşib. Nəticədə Rusiyanın ölkəyə atdığı ballistik raketlərin demək olar ki, hamısı zərərsizləşdirilməyib.
Ukraynalı rəsmi WaPo-ya bildirib ki, ümumilikdə Qərb silahlarının Kiyevə tədarükü may ayından etibarən qeyri-müntəzəm xarakter alıb. Lakin son vaxtlar Ukrayna hakimiyyəti yeni silah partiyalarının alınıb-alınmayacağı ilə bağlı şübhələrə düşüb.
Bu fonda Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 19-da ABŞ senatorları ilə onlayn görüş keçirib. O, Tramp administrasiyasına təzyiq göstərilməsini və Kiyevə silah və kəşfiyyat məlumatlarının ötürülməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını xahiş edib.
“Yəqin ki, Ukraynaya dəstəyi ləngitmək barədə hansısa siyasi qərar qəbul edilib. Biz nə baş verdiyini, bunun niyə baş verdiyini və bütün bunların nəyə gətirib çıxaracağını anlamaq istəyirik”, – deyə Zelenski senatorlara bildirib.
Bundan sonra Ukrayna lideri ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Onun sözlərinə görə, söhbət zamanı ballistik raketlərin qarşısını almaq üçün vasitələrin təmin edilməsi, raket buraxılışları barədə xəbərdarlıqlar, eləcə də “Starlink” peyk internetinin fəaliyyətinə qoyulan məhdudiyyətlər məsələsini qaldırıb.
“Əlbəttə, bütün bunlar bu dəhşətli müharibəyə və insanların davamlı qətlə yetirilməsinə son qoymaq üçün göstərdiyimiz diplomatik səylər fonunda baş verir”, – deyə Zelenski qeyd edib.
Oktyabrın əvvəlində Trampın xüsusi nümayəndələri Ukrayna nümayəndələri ilə danışıqlar zamanı Ukrayna ordusu Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələr endirməyə davam edəcəyi təqdirdə silah tədarükünü və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaqla hədələyiblər. Həmin vaxt Ukrayna nümayəndə heyəti görüşün ikinci günündə iştirakdan imtina edib. Bundan sonra Kiyev ABŞ-ın dəstəyi ilə bağlı problemlərlə üzləşməyə başlayıb.
Tramp isə son müddət ərzində bir neçə dəfə Zelenskinin, onun fikrincə, müharibənin başa çatmasını istəmədiyini bildirib.
Oktyabrın 19-da ABŞ Prezidenti Ukrayna adından baş danışıqçı vəzifəsinə başqa bir şəxsin təyin olunmasını təklif edib.
“Düzünü desəm, düşünürəm ki, Ukrayna adından danışıqları başqa bir şəxsin aparmasının vaxtı çatıb. Biz Ukraynaya çox şey vermişik, onlar isə bizə heç nə verməyiblər. Bunu yadınızda saxlayın”, – deyə Tramp bildirib.
Almaz Həsənli
























































.jpg)








.jpg)


















