Amerikalıların 39%-i Krista Paykın yenidən edam edilməsinin əleyhinədir
Amerikalıların 39%-i hesab edir ki, ölüm hökmünün icrasına ilk cəhd uğursuz olubsa, edam proseduru yenidən həyata keçirilməməli, bunun əvəzinə cəza ömürlük həbs cəzası ilə əvəz olunmalıdır. Oxuməni.az xəbər verir ki, bu, “Reuters” agentliyi və “Ipsos” tədqiqat institutunun 50 yaşlı qatil Krista Paykın edamına uğursuz cəhddən sonra keçirdiyi sorğunun nəticələrindən məlum olub. Payk sentyabrın 30-da ona ölümcül inyeksiyanın iki dozası vurulduqdan sonra sağ qalıb. Araşdırmanın nəticələri oktyabrın 20-də dərc edilib.
Oktyabrın 16-dan 19-dək keçirilən sorğuda ABŞ-nin 1679 vətəndaşı iştirak edib. Sorğu göstərib ki, amerikalıların 33%-i ilk cəhd uğursuz olduqda edamın təkrar həyata keçirilməsini dəstəkləyir. Respondentlərin daha 26%-i isə suala cavab verə bilməyib.
Ümumilikdə, xüsusilə ağır cinayətlər törətmiş məhbuslara ölüm hökmünün tətbiqini amerikalıların 55%-i dəstəkləyir. Respondentlərin 31%-i bunun əleyhinədir, daha 12%-i isə cavab verməkdə çətinlik çəkib. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə “Reuters” və “Ipsos” tərəfindən keçirilən sorğuda iştirakçıların 63%-i edamların həyata keçirilməsini dəstəkləyib.
Paykın yenidən edam edilib-edilməyəcəyi hələlik məlum deyil. İlk cəhdin uğursuzluğa düçar olmasından sonra Tennessi ştatının qubernatoru Bill Li baş verənlərlə bağlı araşdırma aparılmasını tapşırıb və 2026-cı ilin sonunadək digər edamların həyata keçirilməsini qadağan edib.
Bununla belə, ABŞ-də uğursuz edam cəhdlərindən sonra məhkumların yenidən edam olunması ilə bağlı qərarlar əvvəllər də qəbul edilib. Belə ki, 2024-cü ilin yanvarında Alabama ştatında 58 yaşlı qatil Kennet Yucin Smit edam edilib. Onun barəsində ölüm hökmü hələ 1989-cu ildə çıxarılmışdı. Smit 2022-ci ilin noyabrında ölümcül inyeksiya vasitəsilə edam edilməli idi. Lakin həmin vaxt həbsxana əməkdaşları zəhərli maddəni yeritmək üçün iynəni damara daxil edə bilməmiş və bunun üçün ayrılmış vaxtı ötürmüşdülər. İkinci cəhd zamanı Smit təmiz azot qazından istifadə edilməklə edam edilib. Bu, ABŞ tarixində həmin üsulla həyata keçirilən ilk edam olub.
Bundan əlavə, 2016-cı ildə məhkəmə həmin vaxt 60 yaşında olan pedofil və qatil Romell Brumun edamının təkrar həyata keçirilməsi barədə qərar qəbul edib. 2009-cu ilin sentyabrında ilk edam cəhdi Smitin vəziyyətində olduğu kimi, iynənin damara daxil edilə bilməməsi səbəbindən uğursuz olmuşdu. Brumun ikinci edamı 2022-ci ilin martına təyin edilsə də, o, 2020-ci ilin dekabrında həbsxanada koronavirusdan vəfat edib.
Almaz Həsənli




















































































