ABŞ Ukrayna ilə sülhə nail olmaq təkliflərini razılaşdırıb və çərşənbə günü onları Moskvaya aparacaq

ABŞ Ukrayna ilə sülhə nail olmaq təkliflərini razılaşdırıb və çərşənbə günü onları Moskvaya aparacaq

10:17
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və Ukrayna müharibənin başa çatdırılması ilə bağlı bir sıra təklifləri, o cümlədən Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsini razılaşdırıblar. Oktyabrın 21-də, çərşənbə günü ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff razılaşmalar layihəsini Rusiya rəhbərliyinə təqdim edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin kürəkəni Cared Kuşner və Uitkoffla Osloda keçirilən danışıqların yekunlarına dair açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, həmçinin Vaşinqton və Kiyev arasında kəşfiyyat məlumatlarının mübadiləsinin bərpa olunduğunu, Starlink sisteminin isə yaxın 48 saat ərzində tam fəaliyyətə qayıdacağını qeyd edib.

“Biz müxtəlif təklifləri müzakirə etdik: NATO, NATO Nizamnaməsinin 5-ci maddəsi, 5-ci maddəyə bənzər təminatlar — təhlükəsizlik zəmanətlərinin müxtəlif formaları mövcuddur. Bunlar yazılı şəkildə, sənəddə əksini tapan təminatlardır və Stiv (Uitkoff) onları rus tərəfinə təqdim edəcək”, – deyə Zelenski bildirib.

O əlavə edib ki, Kremlin cavabı artıq “bir gün sonra” məlum olmalıdır.

Danışıqlarda iştirak edən Norveçin Baş naziri Yonas Qar Störe bildirib ki, Uitkoff oktyabrın 21-də Rusiya rəhbərliyi ilə görüşmək və sülh təşəbbüslərini müzakirə etmək üçün Rusiyaya səfər edəcək.

“ O, bu gün müzakirə olunan ideyaları, eləcə də avropalı və amerikalı həmkarlarımızın hazırladığı təklifləri bölüşəcək. Bu, liderlər səviyyəsində görüşün keçirilməsinə yol aça bilər. ABŞ və Avropa komandaları Ukrayna ilə birlikdə əsas məsələlər üzərində hərtərəfli iş aparıblar”, – deyə o bildirib.

Osloda keçirilən bugünkü görüşün digər iştirakçısı, Finlandiya Prezidenti Aleksandr Stubb isə tərəflərin “iki istiqamətdə real irəliləyişə nail olduqlarını” bəyan edib.

“Birinci istiqamət ümumi mənzərədir. İkinci istiqamət isə qısamüddətli perspektivdir. Ümumi mənzərə çərçivəsində sabah Sankt-Peterburqda təqdim ediləcək bəzi sülh elementlərini müəyyənləşdirmişik. Təhlükəsizliyin əsas elementlərini və iqtisadiyyatla bağlı başlıca məsələləri müzakirə etdik”, – deyə o bildirib.

Stubba görə, danışıqlar texniki səviyyədə kifayət qədər uğurla irəliləyir.

Almaz Həsənli