Ramazana aid tövsiyələr

Ramazana aid tövsiyələr

28 Fevral 12:47
Bəyəndim (1) Bəyənmədim (0)

Dünyanın hər yerində milyonlarla müsəlman İslam təqvimində ən müqəddəs aylardan biri olan Ramazanı qarşlayır. İslam dininə görə, Ramazan ayı İslamın müqəddəs kitabı olan Quranın Məhəmməd peyğəmbərə nazil olduğu aydır.

Ramazan ayına orucluq da deyirlər və müddəti bir ay çəkir. Oruc tutmaq bütün müsəlmanlar üçün İslamın vacib olan 5 şərtindən biridir. Ramazanda müsəlmanlar sübh açılmazdan əvvəl sahur və ya imsaq kimi tanınan səhər yeməyi yeyirlər. Oruc tutanlar axşam gün batanadək heç nə yemirlər və su da daxil olmaqla, heç nə içmirlər. Gün batdıqdan sonra isə oruclarını açaraq, iftar adlandırılan axşam yeməyini yeyirlər.

Yalnız sağlamlığı imkan verən şəxslər oruc tuta bilərlər. Xəstə olanlar, yetkinlik yaşına çatmamış uşaqlar, hamilə qadınlar, süd verən analar, menstruasiya dövründə olan qadınlar və səfərdə olanlar istisna edilir. Oruc tutmaq bəzi insanlara asan gəlsə də, bəziləri üçün bu çətin ola bilər və aclıq iş və gündəlik fəaliyyətə mane ola bilər.

Bəs orucluq ayında aclıq və susuzluğunuzu aradan qaldırmaq üçün hansı qidaları yeyə bilərsiniz?

Sahurda nə yeməli?

Sahurda orqanizminizi gün boyu davam edəcək oruca hazırlayırsınız və bunun üçün doğru qidalanmaq olduqca vacibdir.

“Ramazanda orqanizminizin gün ərzində ehtiyac duyduğu enerji və qida maddələrini ödəmək üçün zülal, karbohidrat, vitamin və minerallarla zəngin olan yemək yeməlisiniz və kifayət qədər su içməlisiniz”, dietoloq İsmet Tamer tövsiyə edir.

O, səhər yeməyinin yüngül, sağlam və doyumlu qidalardan ibarət olmasının vacib olduğunu deyir.

“Gün çıxmazdan əvvəl pendir, yumurta, pomidor və xiyar kimi süd məhsulları və tərəvəzlər yeyə bilərsiniz. Əlavə olaraq, şorba, eləcə də zeytun yağında hazırlanmış tərəvəz və meyvə qəbul edə bilərsiniz”, o bildirib.

Dietoloq Bridget Benelam əlavə edir ki, sahurda karbohidrat kompleksini, xüsusilə də tərkibində təmiz taxıl olan qidaları qəbul etmək çox yaxşıdır. Onun sözlərinə görə, bu qidalarda karbohidratlar tədricən ayrıldığı üçün bu cür yeməklər gün ərzində sizin tox qalmanıza kömək edir.

“Yulaf, xalis taxıldan hazırlanmış çörəklər, eləcə də tərkibində dənli bitkilər olan yeməklər sahur üçün əla seçimdir”, o qeyd edib.

Bəzi tədqiqatlar göstərir ki, lobya, noxud və paxla kimi qidalarda möcvud olan liflər insanlarda toxluq hissini 30 faizdən çox artıra bilir.

“Oruc öncəsi maye də qəbul edilməlidir ki, gün ərzində orqanizmin suya tələbatı ödənmiş olsun”, - Benelam deyib və oruc tutan şəxsləri duzlu yeməklərdən uzaq durmağa çağırıb.

“Duzlu qidalar susuzluğunuzu artıra bilər ki, bu da oruc vaxtı heç istəmədiyiniz bir məqamdır”, dietoloq Benelam əlavə edib.

Gün ərzində susuzluğunuzun qarşısını almaq üçün sahur vaxtı tərkibində kofein olan içkilərdən uzaq durmaq vacibdir. Bundan əlavə, orucluqda bədənin su ehtiyatını saxlamaq üçün iftar və sahur arasında ən azı 2-3 litr su içmək tövsiyə olunur.

İftarda nə yeməli?

Ramazanın birinci günündə orucunuzu açanda ümumiyyətlə tövsiyyə olunur ki, ilk olaraq nisbətən çox maye qəbul edəsiniz və ya tərkibində enerji verən təbii şəkər olan qidalardan istifadə edəsiniz. Bu cür qidalara nümunə kimi Məhəmməd peyğəmbərin zamanından bəri orucu açmaq üçün istifadə edilən xurmanı göstərmək ol“Xurma və su ilə orucu açıb, yeməyə başlamağınız daha yaxşıdır. Onlar sizə enerji verməklə yanaşı, bədəninizin suya olan tələbatını ödəməkdə kömək edəcək”, Bridget Benelam bildirir.

Gün ərzində ac qaldıqdan sonra, iftara ağır və yüksək kalorili yeməklərlə başlasanız, özünüzü yorğun, əzgin və zəif hiss edə bilərsiniz”, Benelam deyib.

Orucu açdıqdan sonra, süfrəyə düzülən iftar yeməkləri hər ölkənin adət-ənənəsinə və mədəniyyətinə görə fərqlənir. Lakin onların tərkibi təxminən eyni olur.

İftar zamanı yediyiniz yeməklərdə nişasta balansının qorunduğuna əmin olmalısınız. Burada tərkibi liflərlə zəngin olan meyvə və tərəvəzlər, süd məhsulları, taxıl tərkibli qidalar, eləcə də zülalla zəngin ət, balıq, yumurta və lobya kimi məhsullar arasında balansı qorumaq nəzərdə tutulub.

Bundan əlavə, tövsiyə olunur ki, özünüzü kökəlməkdən qorumaq üçün şirin qidalardan və desertlərdən uzaq durasınız.

Bəzi dietoloqlar məsləhət görürlər ki, iftar yeməyini bir dəfəyə yeməkdənsə, onu iki hissəyə böləsiniz. Onların fikrincə, belə etsəniz həm qanda qlükoza səviyyəsinin yüksək artımını tənzimləyə bilərsiniz, həm də mədənizdə həzmlə bağlı yarana biləcək riskləri azaldarsınız.

Sağlamlığınız üçün oruc tutmaq yaxşıdırmı?

Ümumiyyətlə sağlamlıq baxımından oruc tutmağın faydalı olduğu sübut edilib. Fasilələrlə oruc tutmaq hazırda arıqlamağın ən məşhur üsullarından birinə çevrilib.

Fasiləli oruc qida rasionunuzda nələrin olduğuna deyil, o qidaları nə zaman yediyinizə fokuslanıb. Bu oruc növü hər gün müəyyən saatlarda oruc tutmağı özündə ehtiva edir.

Burada əsas ideya ondan ibarətdir ki, orqanizminiz bədəninizdə yığılan şəkər ehtiyatını istifadə etdikdən sonra, piy qatını əritməyə başlayır və nəticədə siz çəki itirmiş olursunuz. Bu proses metabolik dəyişmə kimi tanınır.

Araşdırmalar göstərir ki, fasiləli oruc qan təzyiqinin, eləcə də, xolesterinin aşağı salınması, iltihabın azaldılması, insulinə qarşı daha yaxşı reaksiya və 2-ci növ diabet riskinin aşağı salınması baxımından olduqca faydalıdır.Ramazan orucu vaxtla məhdudlaşdırılan fasiləli orucun demək olar bütün xüsusiyyətlərini özündə birləşdirir.

Amerika Kliniki Qidalanma Jurnalında (American Journal of Clinical Nutrition) dərc edilən son tədqiqat materialında qeyd olunub ki, Ramazan orucu müsbət metabolik dəyişiklərə və xroniki xəstəlik risklərinin azaldılmasına kömək edir.

Araşdırmalar zamanı məlum olub ki, Ramazan orucu həm də ağ ciyər, yoğun bağırsaq və döş xərçənginə tutulma riskini də əhəmiyyətli dərəcədə azaldır.

Dietoloq Bridget Benelam deyir ki, ümumiyyətlə Ramazan vaxtı insanlar bir kiloqrama yaxın çəki itirirlər. Bununla belə, mütəxəssis xəbərdarlıq edir ki, iftarda həddindən çox yemək, insanları daha da kökəldə bilər.

“İnsan olaraq, hər birimiz daha çox yeməyə meyilliyik. Süfrəyə gətirilən yeməklərin çeşidləri artdıqca, biz də çox yeməyə başlayırıq. İftar süfrələrində müxtəlif növ xörəklərlə dolu qabların olması buna əyani misaldır”, Benelam qeyd edib.

O bildirir ki, sizə təklif edilən hər yeməyi yemək məcburiyyətində deyilsiniz və tövsiyə edir ki, təklif olunan yeməklərin bir hissəsini özünüz üçün seçin və asta-asta yeyin.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullahın Ramazan ayı üçün tövsiyyələrini təqdim edir.

"İmkanı, sağlamlığı, gücü olan hər kəs Ramazan karvanına qoşulsun ki, savabı əldən verməsin. Bu ayda oruc tutanlar ailələri, yaxınları, qonşuları və xalqı üçün dua etsinlər. Ramazan günahların yuyulduğu, imanın gücləndiyi aydır. Onun üçün də fiziki sağlamlığı olan insanlar ramazan orucunu saxlamalı, tənbəllik etməməlidirlər.

Bu ayda nəinki bədən sağlam olur, həm də ruh təmizlənir. İnsan tam şəkildə özünü kamilləşdirir. Ona görə də insanlar Ramazan ayının hər günü diqqətli olmalıdırlar".

KİMLƏRƏ ORUC OLMAZ

Hacı Fuad Nurullah bildirdi ki, Ramazanın məqsədi ruhun və bədənin sağlamlığı olduğundan xəstə insanların oruc tutması məsləhət görülmür.

"Həkimlər icazə vermədiyi halda insan özünü məcbur etsə, özünə zərər vermiş olsa, ibadəti batil olar, həm də özü günah qazanmış olar.

Uzaq səfərə çıxanlara həmin günlərdə oruc tutmaq güzəşt olunur. Onlar səfərdən qayıdandan sonra oruc tutmağa davam edə bilər. Növbəti Ramazana qədər oruc tutmadıqları günlərin qəzasını edə bilərlər.

Süd verən analar oruc tutmaya bilər. Süd verən ana yaxşı qidalanmalıdır ki, körpəsinə süd versin. Süd verə bilməsə, uşaq üçün zərər olar. Körpəsi süddən kəsiləndən sonra qəza edər bilər.

Həkimlər hamilə qadınlara oruc tutmağı məsləhət görmür. Çünki bətndəki körpəyə ziyan dəyə bilər.

Şəkər, qan, mədə xəstəliyi olanlar gün ərzində mütləq qidalanmalı olduqlarından oruc tutmaya bilərlər. Çünki oruc tutsalar, bədənlərinə zərər verəcəklər və ibadətləri batil olacaq.

ÇİMMƏK OLAR, YOXSA..

Oruc tutan insan iftara qədər çimə bilərmi? Bu sual oruc tutanları daha çox düşündürür. Hacı Fuad bu məsələyə də aydınlıq gətirdi.

"Orucluq yay fəslinə təsadüf etdiyindən insanlar çaya, dənizə getmək istəyir. Bu məsələdə heç bir məhdudiyyət yoxdur, sadəcə başını birbaşa suyun altına salmaq olmaz. Hissə-hissə bədəni suya salmaq, başa su tökmək olar.

İnsanlar tez-tez oruclu ikən çimib, yuyuna bilməyi soruşur. Əlbəttə, burada da heç bir məhdudiyyət yoxdur. Həmçinin oruc olan şəxs toz və tüstüdən özünü qorumalıdır ki, boğazına getməsin. Oruc tutan şəxs gün ərzində intim əlaqədən çəkinməlidir. Lakin iftardan imsaka qədər halal olan və haqqı çatan hər şeydən istifadə edə bilərlər. Bir insanın boynunda qusul varsa, çimib, qüsul edə bilər. Gecə boynuna qusul gəlsə, sübh namazına qədər çimməlidir. Əgər sübh namazının vaxtını keçirsə, ibadətini batil etmiş olar".

SU İÇMƏK İSTƏYƏN NƏ ETMƏLİDİR?

Ramazan yay fəslinə təsadüf etdiyindən insanların ən böyük çətinliyi susuzluqla bağlıdır. Bəs bu çətinliyi aradan qaldırmaq üçün ağzı yaxalamaq olar?

Hacı Fuadın sözlərinə görə, ağzı yaxalamaq olar, amma bu məsələdə israf etmək olmaz. Ağzı dəfələrlə yaxalayanda su boğaza gedə bilər. Bu da insan qəlbində orucun batil olub-olmaması barədə şübhə yarada bilər.

Amma insanlar çalışmalıdırlar ki, günün altında durmasınlar. Çünki bu zaman bədəndən çox enerji sərf edilir və bədən suyu tükəndikcə, oruc çətinləşir. Amma sağlam insanda bu baxımdan problem yoxdur. 17 saat olsa belə, Allaha niyyət edib oruc tutanda insana Allah güc verir".

DODAQ BOYASI VƏ ƏTİR ORUCU BATİL EDİRMİ?

Hacı Fuad bu məsələdə də birmənalı məhduddiyyətin olmadığını deyir:

"Qadınlarımızın kosmetik vasitələrdən istifadə etməsi normaldır. Amma bəzi kosmetik vasitələrdən sübh namazına qədər istifadə edə bilərlər. Dərini qidalandıran kremlərdən istifadə etmək olmaz. Amma ağrıkəsici kremlər çəkməyə icazə var, hətta ampula şəklində ağrıkəsici iynə vurmaq da orucu batil etməz. Vitaminlərin bədənə iynə şəklində vurulması olmaz. Qadınlar çalışsınlar ki, oruc tutarkən dodaq boyası, sürmə, dəriyə çəkilən bəzi qidalandırıcılardan istifadə etməsinlər. Ətir vurmaq orucu batil etməz, amma qoxunun oruc tutan digər insanlarda narahatlıq yaradacaq səviyyədə olmasına diqqət etmək lazımdır. Şəriət və dinimiz qadınların bər-bəzəkdən istifadəsinin qarşısını almır, lakin orucluq vaxtı buna müəyyən qədər məhdudiyyətlər ola bilər".

HALSIZLIQ HİSS EDƏNLƏR NƏ ETMƏLİDİR?

Bəzi insanlar oruc tutmaq üçün niyyət edir, mənəvi baxımdan da hazır olur. Lakin oruc tutan günlər halsız olur, baş ağrılarından şikayətlənir. Bu insanlar oruc tutmalıdılarmı?

Hacı Fuad deyir ki, orucluq vaxtı baş ağrısı, halsızlıq olması normaldır. Bundan qorxmaq olmaz. Sadəcə iradəni möhkəmləndirmək lazımdır. Hər kəs şeytana lənət deyib, Allaha niyyət edib oruc tutsun. Heç nədən çəkinməsinlər.

Ağızdan gələn qoxunun qarşısını necə almaq olar?

Orucluqda ağız qoxusu insanları, xüsusən ictimaiyyət içərisində olanları narahat edir. Bunun qarşısını almaq üçün dişləri tez-tez yumaq, xüsusi maddə ilə ağzı yaxalamaq, saqqız çeynəmək olarmı?

Hacı Fuad bildirir ki, gün batana qədər dişi məcunla yumaq məsləhət görülmür.

"Gün ərzində sudan başqa müxtəlif tərkibli maddə ilə ağız yaxalamaq olmaz. Saqqız çeynəmək orucu batil etməz. Lakin bəzi meyvə təamları olan saqqız çeynənməsinə icazə yoxdur. Təam olmayan saqqız orucu batil etməz, lakin o da bəyənilmir. Çünki bu cür saqqızlar belə iştah gətirə bilər. Bu da oruc tutan şəxsə narahatlıq yaradır. Dinimizdə buyrulur ki, oruc tutan insanın ağzının qoxusu ən gözəl qoxu hesab edilir".

Oruc tutduğunu dilə gətirmə

Ramazan ayında diqqət edilməli olan bir məqam da oruc tutduğunuzu gün ərzində dəfələrlə dilə gətirməməyə diqqət etməkdir. Çünki bu, düzgün qəbul edilmir, ikrah yaradır. Hacının sözlərinə görə, ibadət Allaha xatir edilməlidir. "Oruc tutmuşam, acdım, susadım" deməklə ibadətini batil edir.

"Ramazan orucunda riya yoxdur. İnsan Allahı niyyət edib səhər ağzını bağlayır, bir də axşam açır. Hətta insan namazı belə insanlar içərisində qıla bilir. Namazda belə riya edə bilər, amma orucda bu mümkün deyil. Çünki insan gizlində yeyə bilsə də, Allah görür deyə bunu etmir. Bu sözləri dilinə gətirirsə, orucu batil etmiş olar".

Onun sözlərinə görə, bu ayın ən böyük fəziləti də gecə ibadətidir.

"Bunun üçün də Allah-təala bizə Qədr gecəsini bəxş edib. Həmin gecədə "Quran"nazil olub. 4 Qədr gecəsi var, amma o hər kəsə gizlin olur.

Ramazanın son mərhələsi fitrə-zəkat çıxarılmasıdır. Paylaşma ayı olduğu üçün Bayram günü hər kəs öz qazancından fitrə, zəkat verməlidir. Hər ailə öz üzvlərinin sayına ən çox yeyilən ərzağın- buğdanın qiymətinə müvafiq olaraq imkansız şəxslərə yardım etməlidir. Qazılar Şurasının məsləhəti budur ki, insanlar bu məsələdə xəsislik etməsin. İmkanı olan şəxslər azı 5 manat müqabilində fitrə ayıra bilər, istəyən və imkanı olanlar daha çox fitrə verə bilərlər. Ramazan ayında küsülülər barışdırılmalı, xəstələrə, qocalara, imkansızlara baş çəkmək lazımdır. İnsanlıq dəyərlərini bu ayda yaşamaq Allah tərəfindən ən çox qəbul olunan davranışlardır".

Allah orucunuzu qəbul etsin!

Oxuməni.az