
Özbəkistanın qızıl-valyuta ehtiyatları rekord həddə - 55 milyard dollara çatıb
Özbəkistanın beynəlxalq ehtiyatları sentyabrın sonunda 55 milyard dollara yüksəlib ki, bu da statistikanın tərtibindən bəri ən yüksək səviyyədir. Artım, ilk növbədə, ölkənin ümumi ehtiyatlarının 80%-dən çoxunu təşkil edən qızılın qiymətinin artması ilə bağlı olub. İlin əvvəlindən ehtiyatlar 33,5% və ya 13,8 milyard dollar artıb.
Mərkəzi Bankın məlumatına görə, Özbəkistanın qızıl-valyuta ehtiyatları oktyabrın 1-nə 54,99 milyard dollara çatıb. Bu, 2013-cü ildə statistik məlumatların tərtib edilməsindən bəri rekord göstəricidir.
Sentyabrın sonuna ehtiyatlar 4,9 milyard dollar (+9,8%) artıb. İlin əvvəlindən artım 13,8 milyard dollar (+33,5%) təşkil edib.
Qlobal bazarda qiyməti 3800 dolları ötməklə (və oktyabrda 4000 dollar həddini aşaraq) qızıl bir daha artıma ən çox töhfə verdi. Tənzimləyicinin məlumatına görə, qızılın qiymətinin 3407,5 dollardan 3806,5 dollara (+11,7%) artmasının aylıq təsiri 4,6 milyard dollar olub.
İlin əvvəlindən qiymətli metal ABŞ prezidenti Donald Trampın ticarət siyasəti, daha sonra isə Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin aşağı salınacağı gözləntiləri, həmçinin Trampın FED-in müstəqilliyinə hücumları nəticəsində ən gəlirli aktivlərdən birinə çevrilib.
Ehtiyatlardakı qiymətli metalın fiziki həcmi 140 000 troy unsiya (4,35 ton) azalaraq 11,62 milyon unsiyaya (361,4 ton) düşüb. İlin əvvəlindən onun ehtiyatları 680 min unsiya (21,15 ton) azalıb. Buna baxmayaraq, qızıl ehtiyatlarının dəyəri 4,17 milyard dollar artaraq 44,24 milyard dollara çatıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Qızıl ölkənin ümumi ehtiyatlarının 80,4%-ni təşkil edir.
Ehtiyatların xarici valyutada olan hissəsi 735,73 milyon dollar artaraq 10,18 milyard dollara çatıb.
Ehtiyatlarda olan qiymətli kağızların həcmi artaraq 1,02 milyard dollara (artım 3,5 milyon dollar) çatıb.
Əziz Mustafa