Türkiyə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazırdır

Türkiyə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazırdır

12:17
Bəyəndim (2) Bəyənmədim (0)

Türkiyə hakimiyyəti hər iki tərəfin razılığı ilə öz ərazisində Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında görüş təşkil etməyə hazırdır. “RİA Novosti” bu barədə Ankaradakı diplomatik mənbəyə istinadən xəbər verir.

"Bu gün Türkiyə diplomatiya mərkəzi rolunu oynayır, hər iki tərəf Türkiyəyə və onun liderinə (Rəcəb Tayyib Ərdoğan. – Red.) güvənir. Düşünürəm ki, tərəflər hazır olsalar və razılaşsalar, Türkiyədə belə bir görüşü təşkil etmək olar", - mənbə nəşrə bildirib.

O, həmçinin əlavə edib ki, Türkiyə ərazisində artıq Rusiya-Amerika danışıqları təcrübəsi var.

Tramp bundan əvvəl may ayında Səudiyyə Ərəbistanına səfəri zamanı Putinlə görüşmək ehtimalının az olduğunu demişdi. Lakin Ağ Ev rəhbəri etiraf edib ki, onların görüşü bu səfərdən sonra baş tuta bilər.

Aprelin 25-də Rusiya prezidenti ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşüb. Söhbət üç saat davam etdi və konstruktiv və faydalı oldu. Xüsusilə, Putin və Vitkoff Moskva və Kiyev arasında birbaşa danışıqların bərpasını müzakirə ediblər.

Rusiya prezidenti həmçinin Moskvanın Ukrayna tərəfi ilə ilkin şərt olmadan danışıqlara hazır olduğunu təsdiqləyib. Üstəlik, Putinlə Vitkoffun görüşü təkcə Ukrayna ilə bağlı deyil, digər məsələlərdə də Rusiya və Amerikanın mövqelərini yaxınlaşdırıb.

Almaz Həsənli