
Azərbaycan Rusiyanın hücumlarına görə Ukraynaya silah embarqosunu ləğv edə bilər
Rusiya rejimi Ukraynanın qaz infrastrukturuna və ya Ukraynadakı Azərbaycan şirkətlərinə zərbələr endirməkdə davam edərsə, Azərbaycan Kiyevə silah tədarükünə qoyulmuş embarqonu ləğv etməyi düşünə bilər. Bu barədə RBC-Ukrayna Azərbaycanın Caliber.Az nəşrinə istinadən xəbər verir.
Azərbaycanda hakimiyyətin ən yüksək dairələrinə yaxın sayılan nəşr xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenski və Azərbaycan prezidenti İlham Əliyev avqustun 10-da söhbətində Rusiyanın Ukrayna infrastrukturuna zərbələrini müzakirə ediblər.Tərəflər Rusiyanın SOCAR neft bazasına hücumunu da müzakirə ediblər. Nəşr vurğulayır ki, hər iki lider Rusiyanın hücumlarından çox hiddətlənib.
“Etibarlı mənbələrin məlumatına görə, əgər Rusiya Azərbaycanın maraqları istiqamətində təcavüzkar siyasətini davam etdirsə, o zaman rəsmi Bakı Ukraynaya onun arsenalında olan silahların tədarükünə qoyulmuş embarqonu aradan qaldırmaq barədə düşünməyə başlayacaq”, - məqalədə deyilir.
O da qeyd olunur ki, ruslar son vaxtlar Ukrayna ərazisində yerləşən Azərbaycanın enerji obyektlərinə qəsdən zərbələr endirirlər. Obyektlərə hücumlar dayanmasa, Bakı buna cavab olaraq ağrılı tədbirlər görəcək.
Əziz Mustafa