Britaniya, Amerikanın Karib dənizindəki gəmilərə endirdiyi zərbələr səbəbindən ABŞ ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırıb
CNN-in məlumatına görə, Böyük Britaniya bir aydan çoxdur ki, Karib dənizində narkotik daşıdığı şübhəli bilinən gəmilər haqqında ABŞ ilə kəşfiyyat məlumatlarının mübadiləsi aparmır.
Kanal izah edir ki, Böyük Britaniya Karib dənizində ölkənin kəşfiyyat bölmələrinin yerləşdiyi bəzi ərazilərə nəzarət edir. London illərdir Vaşinqtona narkotik daşıdığı şübhəli bilinən gəmiləri aşkar etməyə kömək edir.
Müttəfiqindən gələn məlumatlar sayəsində ABŞ Sahil Mühafizəsi şübhəli gəmiləri saxlayıb yoxlayıb. Hər hansı bir qanun pozuntusu baş verərsə, heyət saxlanılıb və aşkar edilən narkotik maddələr müsadirə edilib.
ABŞ sentyabr ayında qayıqlara zərbə endirməyə başladıqdan qısa müddət sonra Böyük Britaniya ABŞ ordusunun Londonun məlumatlarından hədəfləri seçmək üçün istifadə edə biləcəyindən narahat olub.
Oktyabr ayında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk 76 nəfərin ölümünə səbəb olan zərbələrin beynəlxalq hüququ pozduğunu və "məhkəmədənkənar edam" olduğunu bildirib. CNN mənbələrinə görə, Böyük Britaniya bu qiymətləndirmə ilə razıdır.
Məqalədə deyilir ki, 20 ildir ABŞ Sahil Mühafizəsinə kömək edən Vaşinqtonun digər əsas müttəfiqi Kanada da ABŞ hərbi hücumlarından uzaqlaşıb.
CNN mənbələrinin məlumatına görə, ölkə hakimiyyəti əməkdaşlığı davam etdirmək niyyətindədir, lakin ABŞ-a açıq şəkildə bildirib ki, onlar kəşfiyyat məlumatlarının Karib dənizindəki gəmiləri hədəf almaq və hücum etmək üçün istifadə olunmasını istəmirlər.
Almaz Həsənli

















































































