Rusiya və ABŞ, Ukraynanın iştirakı olmadan ZAES-in idarə olunmasını müzakirə edir
Rusiya Prezidenti Vladimir Putin, Rusiya biznes nümayəndələri ilə qapalı görüşdə bildirib ki, Moskva və Vaşinqton Ukraynanın iştirakı olmadan Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) idarə olunmasını müzakirə edir.
Bu barədə cümə axşamı "Kommersant" qəzeti, görüşdə iştirak etmiş öz müxbirinə istinadən yazıb.
Nəşrin məlumatına görə, Putin əlavə edib ki, Amerika tərəfi ZAES-də mayninqin təşkilində də maraqlıdır. Eyni zamanda, Kremlin başçısının sözlərinə görə, ABŞ-ın təşəbbüsü ilə tərəflər Ukraynaya elektrik enerjisinin "tədarükünü" nəzərdən keçirirlər. Putin əlavə edib ki, ZAES-də artıq Rusiya pasportlarına sahib olan Ukrayna mütəxəssisləri çalışır.
Bir gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski, Kiyev və Vaşinqton tərəfindən razılaşdırılmış "təməl" sülh planını dərc edib. Bu planın maddələrindən biri ZAES-in Ukrayna, ABŞ və Rusiya tərəfindən birgə istismarını nəzərdə tutur. Zelenskinin sözlərinə görə, Ukrayna Rusiya ilə birbaşa iş aparmaq istəmir və buna görə də bu maddə hələ razılaşdırma mərhələsindədir.
Avropanın ən böyük atom stansiyası, ümumi gücü 6000 MVt olan altı enerji blokundan ibarətdir və Enerqodar yaxınlığında, su səviyyəsi aşağı düşmüş Kahovka su anbarının cənub sahilində yerləşir. Rusiya mart 2022-ci ildə, tammiqyaslı müharibənin başlamasından qısa müddət sonra Zaporojye AES-ni işğal edərək, onu "Rosenergoatom" ASC-nin idarəçiliyinə verib.
ZAES-in bütün reaktorları dayandırılıb, lakin daimi soyudulma tələb edir. Soyutma sisteminə xarici şəbəkədən elektrik enerjisi verilir. Elektrik təchizatının kəsilməsi halında dizel generatorları təminat rolunu oynayır.
Almaz Həsənli

























































.jpg)
.jpg)
.jpg)




























