Rusiya Baş Prokurorluğu azərbaycanlı iş adamından ekoloji ziyan üçün 1 milyard rubl tələb edir
Rusiya Federasiyasının Baş Prokurorluğu Tuapse rayonunda hotelin tikintisi zamanı ətraf mühitə vurulmuş ziyana görə 1 milyard rublun ( təxminən 21,5 milyon manat.-red.) tutulması ilə bağlı «Sipayn Resort» adlı tikinti şirkətinə qarşı qaldırılmış iddia üzrə qərarı Rusiya Ali Məhkəməsində mübahisələndirib. Bu barədə "Kommersant" məlumat yayıb.
2024-cü ilin sonlarında prokurorluğun ziyanın kompensasiyası ilə bağlı iddiası təmin edilmişdi. Lakin 2025-ci ilin avqustunda Dördüncü Kassasiya Məhkəməsi, Tuapse rayon administrasiyasının iddiaçı kimi prosesə cəlb edilməməsini əsas gətirərək qərarı ləğv edib. İş Tuapse rayon məhkəməsinə yenidən baxılmaq üçün göndərilib.
Beşulduzlu "Sipayn Resort" kurort layihəsi 2022-ci ildə Tuapse rayon administrasiyası tərəfindən razılaşdırılıb. Tikinti icazəsini ilkin olaraq "Tuapse dəniz kommersiya limanı"nın sahibi Şahlar Novruzovun oğlu Sərxan Şahlar oğlu Novruzov alıb, daha sonra isə bu icazə "Sipayn Resort" MMC-yə verilib.
2024-cü ildə prokurorluq müəyyən edib ki, 2024-cü il iyulun 1-dən 12-dək Tuapse rayonunun Sosnovı qəsəbəsində "Sipayn Resort" MMC tərəfindən otel kompleksinin tikintisi zamanı torpaq sahəsinin təbii landşaftı dəyişdirilib, nəticədə 1,3 min kvadrat metrdən çox sahədə məhsuldar torpaq qatı məhv edilib. Şirkət yaranan tullantıları Qara dənizə qanunsuz atıb. Dəniz sularının çirklənməsindən dəymiş ziyan 320 milyon rubl ( təxminən 6,88 milyon manat.-red.), torpağın zədələnməsindən dəymiş ziyan isə 694 milyon rubl ( təxminən 14,93 milyon manat.-red.) qiymətləndirilib.
SPARK məlumatlarına görə, "Sipayn Resort" MMC 2020-ci ildə Krasnodar diyarında qeydiyyatdan keçib. Əsas fəaliyyət növü öz və ya icarəyə götürülmüş daşınmaz əmlakın icarəsi və idarə edilməsidir. Baş direktoru və benefisiarı Qasımzadə Tərxan Qurban oğludur. 2024-cü ilin yekunlarına görə şirkətin xalis zərəri 25,4 milyon rubl ( təxminən 546 min manat.-red.), təşkil edib.
Almaz Həsənli


























































.jpg)
.jpg)
.jpg)



























