NASA-nın teleskopu 13,7 milyard il əvvəlki kainata nəzər salıb

NASA-nın teleskopu 13,7 milyard il əvvəlki kainata nəzər salıb

13:45
Bəyəndim (2) Bəyənmədim (0)

NASA-nın superteleskopu "James Webb" vasitəsilə astronomlar "kosmik şəbəkə"nin inanılmaz dərəcədə detallı xəritəsini yaradıblar. Bu xəritə göstərir ki, qalaktikalar 13,7 milyard illik nəhəng bir zaman kəsiyində necə birləşib və dəyişib. Oxuməni.az xəbər verir ki, bu barədə "Interesting Engineering" məlumat yayıb.

Əgər kainatı böyük bir şəhər kimi təsəvvür etsək, bu şəbəkə onun təməli və yollarıdır. O, gözlə görünməyən qaranlıq maddə və qaz tellərindən ibarətdir. Məhz bu "tellər" qalaktikaları və onların topalarını bir-birinə bağlayır, aralarında isə boşluqlar yaranır. Mövcud məlumatlara görə, tədqiqatçılar bu strukturları kainatın cəmi bir milyard yaşı olduğu dövrə qədər izləyə biliblər.

Tədqiqata Kaliforniya Universitetinin (Riverside) alimləri rəhbərlik ediblər. Onlar COSMOS-Web layihəsinin məlumatlarından istifadə ediblər – bu, teleskopun indiyə qədər həyata keçirdiyi ən böyük tədqiqatdır. Komanda bildirib ki, onlar üç tam Ay ölçüsündə bir səma sahəsini fotoşəkilə köçürə biliblər.

Teleskopun infraqırmızı cihazları sayəsində o, əvvəllər bizdən gizlənmiş ən tutqun obyektləri belə görür.

"JWST kainata baxışımızı tamamilə dəyişdi və COSMOS-Web, kosmik şəbəkəni görmək üçün lazım olan geniş və dərin baxışı bizə təqdim etmək məqsədi ilə ilk gündən yaradılmışdır," – tədqiqatın baş müəllifi Hüseyn Hatamniya qeyd edib.

Daha əvvəl astronomlar "Hubble" teleskopunun məlumatlarından istifadə edirdilər, lakin onun şəkilləri o qədər də aydın deyildi. Köhnə teleskopun bir böyük bulanıq ləkə kimi gördüyü yerdə, yeni "Webb" bir çox fərdi detallı görür.

"Daha əvvəl vahid bir tikili kimi görünən şey indi bir çox hissələrə ayrılır və daha əvvəl hamarlaşdırılmış detallar indi aydın görünür," – fizika və astronomiya professoru Bəhram Mobaşər bildirib.

Almaz Həsənli