Nike Çində onlayn distribusiyanı azaldıb
Amerikanın idman geyimləri istehsalçısı olan Nike, ən vacib bazarlarından biri olan Çində rəqəmsal satış strategiyasında köklü dəyişikliklər edəcəyini açıqlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb. 2027-ci ilin yanvar ayından etibarən şirkət onlayn ticarəti yalnız öz saytı və tətbiqi, həmçinin Tmall, JD.com və Douyin kimi iri platformalar üzərindən həyata keçirəcək.
Nike-ın Çindəki əvvəlki strategiyası brendin 1000-dən çox onlayn mağazada təmsil olunmasını nəzərdə tuturdu. Onların bir çoxu yerli pərakəndə satış tərəfdaşları tərəfindən idarə olunurdu.
Nike-ın vitse-prezidenti Keti Sparks şirkətin Çindəki mövcudluğunun "həddindən artıq pərakəndə" hala gəldiyini qeyd edib. Onun sözlərinə görə, bəzi qərarlar gözlənilən artımı təmin etməyib. Bununla belə, Nike tərəfdaşlarla əməkdaşlıqdan imtina etmədiyini vurğulayır. Fiziki mağazalara investisiyalar və seçilmiş multibrend şəbəkələri ilə qarşılıqlı əlaqə davam etdiriləcək, pərakəndə satış tərəfdaşları isə strategiyanın əsas elementi olaraq qalacaqlar.
Nike satışların azalması səbəbindən Çində istehsalı azaldır. Lakin BNP Paribas analitikləri Nike-ın Çində onlayn distribusiyanı azaltmaq qərarını səhv hesab edirlər. Onların fikrincə, bu addım On, Hoka, Salomon və Adidas kimi rəqiblər üçün "rəfləri boşaldacaq". Nike-ın rəqibi olan Li Ning bu yaxınlarda NBA ulduzu Stefen Karri ilə müqavilə imzalayıb, Anta şirkəti isə Puma-da pay alıb və Salomon və Arc’teryx brendlərinə sahib olan Amer Sports-un böyük bir hissəsinə nəzarət edir.
Almaz Həsənli


























.jpg)
























































