Ərdoğan Paşinyanı Türkiyədə keçiriləcək COP31 sammitinə dəvət edib

Ərdoğan Paşinyanı Türkiyədə keçiriləcək COP31 sammitinə dəvət edib

10:37
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı Türkiyədə keçiriləcək COP31 liderlər sammitinə dəvət edib. Bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr İdarəsi iki siyasətçinin Nyu-Yorkdakı görüşünün yekunlarına dair məlumat yayıb. Oxuməni az xəbər verir ki, məlumatı "Anadolu" agentliyi təqdim edib.

Ərdoğan və Paşinyan arasında danışıqlar Türkiyə prezidentinin BMT Baş Assambleyasında iştirakı çərçivəsində Nyu-Yorkdakı "Türk Evi"ndə baş tutub. Görüş mətbuata qapalı keçirilib və onda Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Türkiyə tərəfinin məlumatına görə, Ərdoğan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini, xüsusilə ikitərəfli ticarət və nəqliyyat sahəsində dəstəklədiyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərdə müsbət dinamikanı qoruyub saxlamaq vacibdir.

Türkiyə prezidenti, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh prosesi çərçivəsində atılan qarşılıqlı addımlardan məmnunluğunu ifadə edib.

Ərdoğan qeyd edib ki, beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və Türkiyə arasında əməkdaşlığın inkişafı ikitərəfli münasibətlərin normallaşması prosesinə də töhfə verir. Bununla əlaqədar olaraq, o, Paşinyanı Türkiyədə keçiriləcək COP31 liderlər sammitinə dəvət edib.

COP31 noyabr ayında Antalyada keçiriləcək. Türkiyə daha əvvəl iqlim konfransı çərçivəsində ayrıca liderlər sammitinin keçiriləcəyini elan etmişdi.

Almaz Həsənli