Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hansı şərtlərlə imzalana bilər? - “Paşinyan bəyan edib ki...”

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hansı şərtlərlə imzalana bilər? - “Paşinyan bəyan edib ki...”

18 Oktyabr 2021 06:16
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:

- Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tutdu. Bu görüşdən hansı gözləntilər var idi?

- Nikol Paşinyanın Moskvaya səfərində əsas məqsəd Rusiyadan kömək istəmək idi. Qarşıdan qış gəlir. Qazın qiyməti bahalaşır. Bu mövzu bəllidir. Həmçinin, Ermənistan məlumat və hesabat verməlidir ki, indiyə qədər 10 noyabr bəyanatına əsasən üzərinə götürdüyü öhdəliklər niyə öz həlllini tapmayıb. Aydındır ki, Ermənistan bu öhdəliklərin təmin olunmasını istəmir və buna imkan vermir. Rusiya isə bu məslədə təminatçı kimi çıxış edir. Görüşün əsas müzakirə obyektlərindən biri məhz budur. Ən aktual məsələlərdən biri isə Zəngəzur dəhlizidir.

- Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hansı şərtlərlə imzalana bilər?

- Bu müqavilənin əsas mövzusu Ermənistanın siyasətini dəyişməsidir. Müstəqillikdən sonra Ermənistanın əsas məqsəd və hədəfi Azərbaycan torpaqlarının işğalı olub. Vətən müharibəsindən sonra isə Paşinyan bəyan edib ki, biz yeni şəraitdə “Artsax” siyasətini davam etdirəcəyik. Bu da bir növ Azərbaycana qarşı ərazi iddialarına yeni cəhddir. Sülh müqaviləsinə yalnız o şərtlə imza atılacaq ki, ermənilər bu əməllərindən əl çəksin. Yəni Ermənistan öz üzərinə Azərbaycanın daxili işinə qarışmayacağına dair öhdəlik götürməli və buna əməl etməlidir. Digər bir məsələ isə təzminat məsələsidir. Bütövlükdə götürdükdə hesab edirəm ki, Ermənistan sülh sazişinə hazır deyil.

- Bu yaxınlarda Fransanın Ermənistana yeni təyin edilmiş səfiri Ann Luyo həmsədr ölkələrin sülh müqaviləsi üzərində işlədiklərini bildirib. Azərbaycan tərəfi həmsədrlərin müzakirə etdiyi sülh sazişi ilə razılaşa bilərmi?

- Fransanın səfiri tez-tez öz vəzifəsinə aid olmayan bəyanatlar verir. Onun bildirdiyi fikirlər əsassızdır.

- Zəngəzur dəhlizi ilə bağlı fikrinizi soruşmaq istəyirdim. Sizcə İran tərəfi niyə bu dəhlizin açılmasını istəmir?

- Zəngəzur dəhlizinin açılmasını dəstəkləyən Azərbaycan, Türkiyə, Rusiyadır. Hesab edirəm ki, İran da bu dəhlizin onun xeyrinə olduğunu gec-tez etiraf edəcək. İranın bu məsələyə etiraz etməsi fərqli məsələdən qaynaqlanır. Lakin Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi qaçılmazdır.

- Azərbaycanla İran arasında yaşanan gərginlik haqqında nə deyə bilərsiniz? İranın bu gərginliyi artırmaqda məqsədi nədir?

- İranın Azərbaycana qarşı təhdidləri heç kəs tərəfindən dəstəklənmədi. Bu mənada hiss olunur ki, bu gərginlik hansısa radikal dairələrin təşəbbüsü idi. Onlar özü də səhv etdiklərini başa düşəcək. Yaxın gələcəkdə bu gərginliyin aradan qalxacağını hesab edirəm.

- Necə düşünürsünüz, 3+3 platforması bölgəyə nə vəd edir? Gürcüstan Rusiyanın masada olacağı təqdirdə bu pltaformaya qoşulmaqdan imtina edəcəyini bildirib. Sizcə bu halda platforma baş tutmamış hesab oluna bilərmi?

- Bu platformaya qoşulmaq, ölkələrin öz maraqlarını təmin etmək istəyindən irəli gəlməlidir. Əgər hansısa ölkə bu layihəyə qoşulursa ,hesablayıb bu mövqeyi orataya qoymaldır. Əməkdaşlıq elə bir məsələdir kİ, hər tərəfin maraqları təmin olunmalıdır. Gürcüstan məsələsinə gəldikdə isə onların da bu platformada iştirakı mümkün ola bilər. Lakin iştirakın səviyyəsi müxtəlif ola bilər. Bu platformanın 5 üzvü ilə əməkdaşlıq edə bilər. Belə istisna hallar ola bilər. Bu platformanın hansısa şəkildə işləyəcəyi müzakirə və danışıqlardan sonra bəllli olacaq./Redaktor.az