Rasim Musabəyov: Deyirlər Ukraynaya niyə dəstək verirsiniz?

Rasim Musabəyov: Deyirlər Ukraynaya niyə dəstək verirsiniz?

12:34
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.

Oxuməni.az Teleqraf.com-a istinadən onunla müsahibəni təqdim edir:

- Rasim müəllim, Rusiyada yaşayan azərbaycanlılar Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən basqına məruz qalıblar. Nəticədə bir neçə nəfər qətlə yetirilib, ağır xəsarət alanlar var. Eyni zamanda bir neçə gündə azərbaycanlılarla yanaşı, qeyri-ruslara qarşı Rusiyada təzyiqlər artıb. Bu, Rusiya-Ukrayna müharibəsi fonunda cəbhədə canlı qüvvə sarıdan Kremlin miqrantları döyüşə cəlb etmək cəhdi kimi də izah edilir. Sizcə, Moskvanın bu kimi davranışlarının arxasında başqa hansı niyyəti var?

- Rusiyada indi təkcə azərbaycanlılara qarşı deyil, digər millətlərin təmsilçiləri olan özbəklərə, taciklərə, qırğızlara, qazaxlara qarşı da basqılar günbəgün artır. Görünən odur ki, Kremlin yarıtmaz siyasəti hamıdan düşmən olmağı tələb edir. Çünki ksenofobiya, ayrı millətlərdən olanla şovinist yaranşamaları daxildə daha da gücləndirirlər. Çar Nikolayın vaxtında hər şeydə “təqsirkar” yəhudilər idi. Stalin dövründə isə başqalarını “xalq düşməni” elan etmişdilər. İndiki Rusiya hakimiyyəti də məhz bu siyasəti aparır. Sadəcə olaraq Rusiya daxilində neqativ enerji toplanıb və onlar bunu başqalarına yönəltməyə çalışırlar. Əslində, Rusiyaya gələn o miqrantlar bu ölkə üçün heç bir təhlükə yaratmırlar. Onlar Rusiya üçün işləyirlər, bu ölkənin iqtisadiyyatına töhfə verirlər. Aktiv vergi ödəyicilərinə və insanların tələbatlarını qarşılamaq üçün iş quranlara qarşı bu cür vəhşi davranışların olması yolverilməzdir. Görünür ki, Rusiyada indi kimlərsə daxildə düşmən axtarırlar.

- Son zamanlar rəsmi Moskvanın Bakıya qarşı olan ritorikasında da fərqli yanaşmalar müşahidə edilmir. Kremli narazı salan nədir?

- Azərbaycanın müstəqil siyasət aparması onları narahat edir. Belə olan halda narazılıqlarını da məhz bu şəkildə nümayiş etdirirlər.

- İddiaları nə ilə bağlıdır?

- Deyirlər ki, Ukraynaya niyə dəstək verirsiniz, onu nə üçün edirsiniz, bunu nə üçün edirsiniz və s. Bizim də cavabımız odur ki, əcəb edirik. Gəlib ermənilərlə birlikdə Azərbaycan torpaqlarını işğal edib, onu 30 ilə yaxın nəzarətdə saxlayanda sizin üçün yaxşı idi, bunun əksinə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstək verməsi sizin üçün qəbuledilməzdir? İndi dünya Ukraynanı dəstəkləyir. Süni şəkildə azərbaycanlılardan özləri üçün düşmən düzəltmək əvəzinə gedib öz siyasətlərini dəyişsinlər.

- Bu gün Rusiyanın müdafiə etdiyi kilsə və revanşistlər Ermənistanda mövcud hakimiyyətə qarşı etirazlara qalxıb. Sizcə, baş verənlər arasında bağlılıq varmı? Bu halda Cənubi Qafqazda yenidən gərginlik yaratmaq elementləri nədən ibarət ola bilər?

- Əslində, Rusiyanın yenidən bölgədə hansısa gərginlik yaratmaq və prosesi dəyişmək üçün imkanları yoxdur. Azərbaycana onların müdaxilə etmək gücləri qalmayıb. Buna baxmayaraq, Kremlin məqsədi indi Ermənistanı yenidən özünə tabe elətdirmək istəyidir. Amma indi bunu da bacarmırlar. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya ölkə daxilində at oynatmağa imkan vermir. Belə bir deyim var ki, “cəhənnəmə gedən özünə yoldaş axtarır”. Paşinyan da görür ki, Rusiya cəhənnəmə gedir, ona görə ondan uzaq durur. Buna görə də ona qarşı Kreml cəza üsullarını işə salıb ki, səni hakimiyyətdən uzaqlaşdırarıq, cəzalandırarıq və s.

- Sizcə, Rusiyanın bu ritorikası nə vaxta qədər davam edə bilər?

- Rusiya çalışır ki, ətrafında əlaltıları çox olsun. Amma bunun əvəzinə özünə düşmən qazanır. Azərbaycan tərəfi Rusiya ilə düşmən olmaq niyyətində deyil. Eyni zamanda Azərbaycan heç vaxt Rusiyanın diktəsi ilə hərəkət etməyəcək. Bu halda iki ölkə arasında məsafə yaranacaq. Qarşılıqlı əməkdaşlıq hər kəs üçün faydalı olsa da, bu cür ölkə ilə uzun müddətli planlar cızmaq mümkün deyil. Azərbaycan bu mənada doğru strategiya həyata keçirir.

Oxuməni.az