
Ekspert: Qazaxıstan və Azərbaycan regional iqtisadi inteqrasiyanın tempini müəyyən edirlər
Oxuməni.az AZƏRTAC-a istinadən qazaxıstanlı ekspert, L.Gumilyov adına Avrasiya Milli Universitetinin professoru, siyasi elmlər doktoru, Müasir Tədqiqatlar İnstitutunun direktoru, Qazaxıstanın xeyriyyə səfiri Muxit-Ardager Sıdıqnazarovla müsahibəni təqdim edir.
- Fikrinizcə, artan çoxqütblülük və qlobal nizamın transformasiyası fonunda müasir beynəlxalq münasibətlər sistemində Türk Dövlətləri Təşkilatının (TDT) rolu nədən ibarətdir?
- Birləşmiş Millətlər Təşkilatı (BMT) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) kimi ənənəvi qlobal institutların zəiflədiyi, regional blokların isə gücləndiyi bir şəraitdə TDT yeni beynəlxalq arxitektura xəritəsində önəmli bir oyunçuya çevrilir. 2009-cu ildə Türk Şurası kimi təsis edilən və 2021-ci ildə Türk Dövlətləri Təşkilatı adını alan bu qurum hazırda beş ölkəni — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı və üç müşahidəçini — Macarıstan, Türkmənistan və Şimali Kipri birləşdirir.
Bu gün TDT-in rolu yalnız etnomədəni həmrəyliyin gücləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda, subregional güc mərkəzinin yaradılmasından ibarətdir. Təşkilat ortaq türk kimliyi, Avropa ilə Asiyanın qovşağındakı strateji mövqe və qarşılıqlı iqtisadi maraqlar əsasında qurulur. Burada xüsusilə vurğulamaq lazımdır ki, türk əməkdaşlığında aparıcı, əsas rolu məhz Azərbaycan və Qazaxıstan oynayır. Digər üzv ölkələr mühüm iştirakçılardır, lakin məhz bu iki ölkə bu gün siyasi və iqtisadi vektorun müəyyənləşdirilməsində əsas lokomotivlərdir. ABŞ, Çin, Rusiya və Aİ arasında yaşanan qlobal rəqabət şəraitində TDT üzv ölkələrinin, xüsusilə həssas məsələlərdə xarici siyasətlərinin koordinasiyasına töhfə verir. Məsələn, Qazaxıstanın 2039–2040-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına namizədliyinə və ya Türkiyənin BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) çərçivəsində dəstəklənməsi və digər bu kimi nümunələr türk dövlətlərinin beynəlxalq arenada kollektiv diplomatik güc kimi formalaşmağa başladığını göstərir. Bu, artıq sadəcə simvolizm deyil, türk dövlətlərinin siyasi nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş real addımlardır.
- TDT ölkələri iqtisadi inteqrasiyanı gücləndirmək üçün hansı konkret addımları ata bilər?
- TDT nəqliyyat-logistika qovşağının, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) yaradılmasına yönəlmiş layihələr irəli sürür və iqtisadi əməkdaşlığı stimullaşdırır. Bu, TDT-i alternativ ticarət yolları axtaran ölkələr üçün cəlbedici edir. Orta Dəhlizin qlobal əhəmiyyətinin artdığı bir dövrdə aparıcı rol məhz türk ölkələrinə, xüsusilə Xəzəryanı dövlətlərə məxsusdur. 2023-cü ildə TDT ölkələri arasında ticarət dövriyyəsi təxminən 45 milyard dollara çatıb ki, bu da onların ümumi xarici ticarət dövriyyəsinin cəmi 3 faizini təşkil edir. Bununla belə, bu rəqəm artım üçün böyük potensialın olduğunu göstərir. TDT türk xalqlarının mədəni kimliyinin möhkəmlənməsinə dəstək verir və bu da regionun “yumşaq güc”ünü artırır. 2010-cu ildə Astanada təsis olunmuş Türk Akademiyası, habelə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) kimi qurumlar elmi və mədəni əməkdaşlığın inkişafına xidmət edir. Qlobal institutların zəiflədiyi şəraitdə TDT-in, xüsusilə Mərkəzi Asiya və Xəzər regionunda, əsas regional oyunçuya çevrilmək potensialı var. Lakin bu uğur böyük geosiyasi oyunçular — Rusiya (Avrasiya İqtisadi İttifaqı) və Çin (ŞƏT, “Bir kəmər, bir yol” təşəbbüsü) ilə qarşıdurmadan yayınmaq bacarığından asılı olacaq.
- Bu gün TDT-in inkişafı üçün ən perspektivli iqtisadi alətlər və mexanizmlər hansılardır?
- Hər bir regional birlik üçün iqtisadi dayanıqlılıq onun üzv ölkələri arasında effektiv əməkdaşlıqdan asılıdır. TDT nümunəsində əsas alətlərdən biri 2023-cü ildə yaradılmış və ilkin kapitalı 500 milyon dollar olan Türk İnvestisiya Fondudur. 2025-ci ildə bu məbləğ 600 milyon dollara çatdırılıb — hər iştirakçı ölkə üzrə 120 milyon dollar. Fondun əsas diqqəti infrastruktur, texnologiya və ekoloji layihələrin maliyyələşdirilməsinədir. Xüsusilə vacib məqam ondan ibarətdir ki, fond TDT ölkələrinin ümumi daxili məhsulunda mühüm yer tutan kiçik və orta biznesin dəstəklənməsində əhəmiyyətli rol oynaya bilər. Məsələn, bu göstərici Qazaxıstanda 56 faiz, Özbəkistanda isə 45 faizdir. Əgər fond rəqəmsallaşma və yaşıl texnologiyaların tətbiqi istiqamətində aktiv fəaliyyət göstərsə, o zaman iqtisadi artımın əsl lokomotivinə çevrilə bilər.
- Türk Ticarət və Sənaye Palatasının fəaliyyəti nə dərəcədə səmərəlidir?
- Palata iddialı hədəflərinə baxmayaraq, hələ ki tam potensialını göstərə bilməyib. Onun yaradılmasında məqsəd ticarət prosedurlarını sadələşdirmək və milli məhsulların təşviqini təmin etmək olsa da, bu potensialın reallaşdırılması hələ qarşıdadır. 2022-ci ildə TDT ölkələrinin məhsullarının həm təşkilat daxilində, həm də xarici bazarlarda təşviqi məqsədilə Türk Ticarət Evlərinin yaradılması təklif olunmuşdu.
Bundan əlavə, 2024-cü ildə TDT ölkələri rəqəmsal iqtisadiyyat sahəsində tərəfdaşlıq haqqında saziş imzalayıblar. Bu sazişin məqsədi elektron ticarətin inkişafı və rəqəmsal standartların unifikasiyasıdır. Bu, xüsusilə aktualdır. Çünki TDT ölkələrində elektron ticarətin payı hələ ki ümumi ticarətin 10 faizdən azını təşkil edir. Avropa İttifaqında bu göstərici 20 faizə çatır.
- TDT ölkələri üçün gömrük prosedurlarının sadələşdirilməsi sazişinin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- 2022-ci ildə gömrük prosedurlarının sadələşdirilməsi haqqında sazişin imzalanması tranzit xərclərinin azaldılması istiqamətində mühüm addım oldu. Bu, xüsusilə Transxəzər marşrutunun fəaliyyət göstərməsi və inkişafı baxımından son dərəcə vacibdir. Məsələn, gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxtın heç olmasa 20 faiz azaldılması 2030-cu ilə qədər yük dövriyyəsinin 15-20 faiz artmasına səbəb ola bilər. Tranzit axınları uğrunda artan rəqabət şəraitində bu, TDT ölkələrinə ciddi üstünlük qazandırır.
- Bu gün türk ölkələrinin iqtisadi inteqrasiyası qarşısında duran əsas çağırışlar hansılardır?
- Hələ də ən böyük çağırış daxili regional ticarətdir. Hazırda bu göstərici TDT ölkələrinin ümumi ticarət dövriyyəsinin 5 faizdən də azını təşkil edir. İqtisadi əməkdaşlığın effektivliyini artırmaq üçün maliyyə sistemlərinin inteqrasiyasını dərinləşdirmək, məhsul sertifikatlaşdırması üzrə vahid standartlar tətbiq etmək və xüsusilə yüksək texnologiyalı startapların dəstəklənməsi üçün vençur fondlarını inkişaf etdirmək vacibdir. u gün Türküstan ölkələri arasında birbaşa dəmir yolu əlaqəsi, Xəzər dənizi üzərindən şərti “Türk Turizm Marşrutu” çərçivəsində su yolu ilə turist daşımaları tələb olunan və potensialı yüksək olan istiqamətlərdir.
- Qazaxıstan və Azərbaycanın TDT-in iqtisadi məkanındakı rolu nədən ibarətdir?
- Qazaxıstan və Azərbaycan TDT-nin vahid iqtisadi məkanının formalaşmasında açar rol oynayırlar. Onların strateji coğrafi mövqeyi, zəngin təbii resurs bazası və fəal xarici siyasəti bu ölkələri Mərkəzi Asiya, Qafqaz və Avropa arasında təbii əlaqələndirici halqaya çevirir. Məhz bu ölkələr Transxəzər dəhlizinin əsas bünövrəsini formalaşdırır və regional iqtisadi inteqrasiyanın tempini müəyyən edirlər. Hər iki dövlət Orta Dəhlizin əsas qovşaqlarıdır. 2024-cü ildə bu dəhliz vasitəsilə 2,8 milyon ton yük daşınıb. Bu, 2022-ci illə müqayisədə 65 faiz çoxdur. Qazaxıstan Aktau limanının modernləşdirilməsinə 2,5 milyard dollar, Azərbaycan isə Bakı limanına 1,8 milyard dollar sərmayə qoyub. Bu addımlar onların tranzit potensialını əhəmiyyətli dərəcədə artırır və logistikada strateji düşüncəyə malik olduqlarını göstərir.
- İki ölkə arasında enerji əməkdaşlığının perspektivləri necə qiymətləndirilə bilər?
- Azərbaycan regionda əsas karbohidrogen ixracatçısı olaraq qalır, Qazaxıstan isə 30 milyard barrel neft və 2,5 trilyon kubmetr təbii qaz ehtiyatlarına malikdir. Hər iki ölkə enerji resurslarının Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəqlində fəal əməkdaşlıq edir. 2023-cü ildə Qazaxıstan Azərbaycan vasitəsilə neft ixracını 1,5 milyon tona çatdırdı. 2027-ci ilə qədər bu göstəricinin 6 milyon tona yüksəldilməsi planlaşdırılır. Bu, xüsusilə Şimal marşrutlarına tətbiq olunan sanksiya təzyiqləri fonunda təchizatın şaxələndirilməsi baxımından mühüm addımdır. 2024-cü ildə Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 600 milyon dollar təşkil edib. Potensial isə şübhəsiz ki, daha yüksəkdir. 2030-cu ilə qədər ölkələr bu həcmi 1 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar. Ən perspektivli sahələrə kənd təsərrüfatı və maşınqayırma daxildir. Gömrük prosedurlarının sadələşdirilməsi də bu prosesdə əsas rol oynayır. Bu, həm xərcləri azaltmağa, həm də qarşılıqlı ticarətin artımını stimullaşdırmağa imkan verir.
- Qazaxıstan və Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində ümumi iqtisadi əməkdaşlığını necə qiymətləndirirsiniz?
- Bu əməkdaşlıq TDT ölkələrinin iqtisadi inteqrasiyası üçün möhkəm əsas yaradır. Lakin daha da irəli addımlar atmaq lazımdır. Məsələn, birgə logistika mərkəzlərinin yaradılması və gömrük standartlarının unifikasiyası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə tranzit müddətini 14 gündən 10 günə qədər azalda bilərdi. Bu da marşrutun Rusiyadan keçən Şimal dəhlizi ilə müqayisədə rəqabət qabiliyyətini artırardı. Bu sahədə uğur investisiyaların koordinasiyası və Macarıstan kimi yeni tərəfdaşların cəlb olunması sayəsində marşrutun Avropa bazarlarına inteqrasiyası ilə birbaşa bağlıdır. Qazaxıstan şərq istiqamətində əsas tranzit qovşağıdır. 2020–2024-cü illər arasında ölkə dəmir yolları və Aktau limanının modernləşdirilməsinə 3 milyard dollar investisiya yatırıb. Azərbaycan isə Qara dəniz və Türkiyəyə çıxış təmin edir. Bakı limanı, dəmir yolu bağlantıları və Zəngəzur dəhlizinə 500 milyon dollarlıq sərmayə Türkiyəni Mərkəzi Asiya ilə birləşdirəcək alternativ marşrutun formalaşmasına imkan yaradır. Aktau və Bakıda birgə logistika mərkəzlərinin yaradılması üzrə layihələr iki ölkə arasında koordinasiyanı daha da gücləndirir.
- TBNM-ın inkişafı üçün TDT-nin potensialından istifadə nə dərəcədə effektivdir?
- Marşrutun potensialı, həqiqətən də, böyükdür. TBNM Çin ilə Avropanı Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir. 2024-cü ildə yük dövriyyəsi 2,8 milyon tona çatdı, lakin bu, marşrutun ötürmə qabiliyyətini — yəni 2030-cu ilədək 20 milyon ton kimi qiymətləndirilən həcm — cəmi 10 faizini təşkil edir. Qazaxıstan və Azərbaycan Aktau və Bakı limanlarını modernləşdiriblər. Türkiyə isə dəmir yolu bağlantılarına 1,2 milyard dollar investisiya yatırıb. Logistikanın rəqəmsallaşdırılması üzrə sazişlər də imzalanıb ki, bu da 2023–2024-cü illərdə yük emal vaxtının 15 faizədək azaldılmasına imkan verib. Mənim fikrimcə, əsas problem Xəzər limanlarının məhdud ötürmə qabiliyyətindədir. Eyni zamanda, marşrut Rusiya üzərindən keçən Şimal dəhlizi və İran vasitəsilə gedən Cənub dəhlizi ilə rəqabət şəraitindədir.
- Vəziyyəti yaxşılaşdırmaq üçün hansı addımlar atılmalıdır?
- İlk növbədə, Dəmir Yolu İdarələri Şurası yaradılmalıdır — belə bir təşəbbüs artıq Özbəkistan tərəfindən irəli sürülüb. Daha sonra nəqliyyat qanunvericiliyinin unifikasiyası və multimodal logistika mərkəzlərinin inkişafı vacibdir. Əhəmiyyətli addımlardan biri də gömrük prosedurları üçün vahid rəqəmsal platformanın tətbiqi olacaq. Bu, TBNM üzrə yüklərin dövriyyəsini 2028-ci ilə qədər 10 milyon tona çatdırmağa imkan verə bilər. Baxmayaraq ki, Budapeşt ilə Brüssel arasında siyasi gərginliklər var, Macarıstanın müşahidəçi kimi iştirak etməsi marşrutun Aİ ilə inteqrasiya potensialını gücləndirir. Bununla belə, Avropa bazarlarına çıxış üçün qərb istiqamətində infrastruktur layihələrinə əlavə investisiyalar tələb olunur.
- TBNM-in TDT-in daha geniş logistika arxitekturası kontekstində əhəmiyyəti nədir?
- TDT xüsusilə Rusiyaya qarşı sanksiyalar və Yaxın Şərqdəki qeyri-sabitlik fonunda ənənəvi logistika zəncirlərinə alternativ təqdim etmək üçün unikal imkana malikdir. TBNM bu arxitekturanın mərkəzi elementi kimi çıxış edir. TDT ölkələrinin coğrafi mövqeyi onları Asiya ilə Avropa arasında təbii körpüyə çevirir. Vacib məqam odur ki, Çinlə Avropa arasında yük daşımaları bu marşrut üzrə cəmi 12–14 gün çəkir, halbuki dəniz yolu ilə bu, 30–40 günə başa gəlir. 2024-cü ildə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyalarının İttifaqı yaradılıb ki, bu da avtomobil daşımalarının sadələşdirilməsinə xidmət etməlidir. Gözlənilir ki, bu sahənin ümumi yük dövriyyəsindəki payı 2030-cu ilə qədər indiki 10 faizdən 20 faizə yüksələcək. Bu, daha çevik və şaxələndirilmiş logistika sisteminin qurulmasına kömək edəcək. Hesab edirəm ki, əgər iştirakçı ölkələr 2030-cu ilə qədər infrastruktur layihələrinə 10–15 milyard dollar həcmində sərmayə qoyarsa, TDT ənənəvi marşrutlara real alternativə çevrilə bilər. Qazaxıstan və Azərbaycan multimodal habların yaradılmasında və logistikanın rəqəmsallaşdırılmasında əsas rol oynamalıdırlar. Bununla belə, bu prosesin irəliləməsi üçün Türkiyə və Özbəkistanla koordinasiya gücləndirilməlidir — əks halda tərəqqi çətin olacaq.
- TDT çərçivəsində vahid investisiya proqramlarının yaradılması ideyası nə dərəcədə real görünür?
- Vahid və ya əlaqəli investisiya proqramlarının yaradılması xüsusilə kənd təsərrüfatı, sənaye və rəqəmsallaşma sahələrində ambisiyalı, lakin tam mümkündür. Kənd təsərrüfatından danışsaq, TDT ölkələri böyük aqrar potensiala malikdir. Qazaxıstan ildə 7–8 milyon ton taxıl ixrac edir, Özbəkistan isə pambıq və meyvə istehsalında lider mövqedədir. Aqrohabların yaradılması kimi birgə layihələr 2030-cu ilə qədər Avropa İttifaqı və Yaxın Şərq ölkələrinə ixracı 20 faiz artırmağa qadirdir. Amma burada məhsulların emal səviyyəsinin aşağı olması çağırışı var. Qazaxıstan və Özbəkistanda kənd təsərrüfatı məhsullarının 10 faizdən azı emal edilir. Üstəlik, TDT-in ən inkişaf etmiş iqtisadiyyatı olan Türkiyə son illərdə bu istiqamətdə böyük investisiya potensialı nümayiş etdirməyib ki, bu da onun prosesin lokomotivi olma imkanlarına şübhə doğurur. Sənaye sahəsində isə Türk İnvestisiya Fondu artıq maşınqayırma və yüngül sənaye layihələrini dəstəkləyir. Xüsusilə, Türkiyə şirkətləri 2020–2024-cü illərdə Özbəkistanın tekstil sənayesinə 1,2 milyard dollar investisiya yatırıb. Lakin burada da açıq çağırışlar var: Qırğızıstanda və qismən Özbəkistanda aşağı texnoloji baza istehsalatın modernləşdirilməsi üçün genişmiqyaslı investisiyalar tələb edir. Rəqəmsallaşma sahəsində isə ümidverici irəliləyişlər müşahidə olunur. 2024-cü ildə imzalanan rəqəmsal iqtisadiyyat haqqında razılaşma və İT-startaplar üçün vençur fondların yaradılması təşəbbüsləri yüksək texnologiyalı birgə layihələr üçün perspektivlər açır. Məsələn, Qazaxıstan 2023-cü ildə “Digital Bridge” forumu vasitəsilə İT sektoruna 500 milyon dollar investisiya cəlb edib.
Beləliklə, vahid proqramların həyata keçirilməsi Türk İnvestisiya Fondunun vəsaitlərinin şəffaf bölgüsü mexanizmlərinin mövcudluğu və özəl kapitalın fəal cəlbi ilə mümkündür. Uğur birbaşa investisiya qanunvericiliyinin vahidləşdirilməsindən və TDT daxilində azad ticarət zonalarının yaradılmasından asılıdır. Əgər ölkələr bürokratik maneələri aradan qaldıra bilsələr, investisiyaların potensial həcmi 2030-cu ilə qədər 5 milyard dollara çata bilər.
- TDT-in yaxın illərdə beynəlxalq arenadakı perspektivləri necədir?
- TDT çoxqütblü dünyada, xüsusilə nəqliyyat-logistika və iqtisadi sahələrdə mühüm aktor olmaq potensialına malikdir. Qazaxıstan və Azərbaycan artıq Orta Dəhlizin həyata keçirilməsində və ümumi iqtisadi məkanın formalaşmasında əsas rol oynayırlar. Lakin təşkilatın uğuru onun üzvlərinin inteqrasiyanı dərinləşdirmə, standartları birləşdirmə və sərmayələri fəal cəlb etmə qabiliyyətindən asılıdır. İqtisadi alətlər - Türkdilli Dövlətlərin İnvestisiya Fondu və rəqəmsal sazişlər, davamlı inkişaf üçün zəruri əsasları formalaşdırır. Ancaq koordinasiya mexanizmləri gücləndirilməsə, onlar tam istifadə olunmayacaq. Bürokratik və siyasi əngəllər aradan qaldırıldıqda, 2030-cu ilə qədər daxili ticarət 100 milyard dollara, Orta Dəhliz üzrə yük dövriyyəsi isə 10 milyon tona çata bilər. Son olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin sözlərindən sitat gətirmək istərdim: “Bizim ailəmiz türk dünyasıdır. Başqa ailəmiz yoxdur”.