
Amerikalı ekspert: Zəngəzur dəhlizi regional ticarət xəritəsini yenidən cızacaq
Oxuməni.az AZƏRTAC-a istinadən ABŞ-ın siyasi elmlər üzrə doktoru, beynəlxalq münasibətlər üzrə ekspert, Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin "Energetika, İnkişaf və Təhlükəsizlik" proqramının icraçı direktoru, Atlantika Şurasının qonaq aparıcı eksperti Ariyel Koenlə müsahibəni təqdim edir.
— Vaşinqtonda imzalanmış sazişin, o cümlədən "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlı nəqliyyat, enerji və rəqəmsal dəhlizin yaradılmasının iqtisadi perspektivlərini necə qiymətləndirirsiniz?
— Bu, geosiyasi və geoiqtisadi bir sıçrayışdır. Üç liderin müdrikliyi böyük tərifə layiqdir. Prezident Əliyev həm müharibə, həm də sülh dövrlərində tarixi liderlik nümayiş etdirdi. Baş nazir Paşinyan anlayır ki, Ermənistanın gələcəyi bərpa və regiona, eləcə də dünyaya reinteqrasiyadadır. Prezident Tramp isə sülhə sadiqliyini və danışıq bacarıqlarını göstərir. TRIPP təşəbbüsü nəqliyyat, enerji və rəqəmsal infrastrukturları bütün Cənubi Qafqaz boyu vahid, inteqrasiya olunmuş bir şəbəkəyə birləşdirmək potensialına malikdir. Əgər bu reallaşdırılarsa, Ermənistan və Azərbaycan əvəzolunmaz tranzit qovşaqlarına çevrilə bilərlər. İnvestorlar üçün TRIPP Mərkəzi Asiya ilə Avropa arasındakı tranzit vaxtını azaldacaq, effektivliyi artıracaq ki, bu da mənfəətin çoxalmasına gətirib çıxaracaq.
Bundan əlavə, yükdaşıma və ticarət dövriyyəsinin həcmi artacaq, yəni gəlirlər də yüksələcək. Bu dəhliz təchizat zəncirlərini Rusiya və İrandan yan keçməklə şaxələndirməyə yönəlmiş qlobal səylərlə üst-üstə düşür. Biznes üçün üstünlüklər aydındır və əsas sual — bu iqtisadi imkanın həyata keçirilməsini təmin edəcək təhlükəsizlik zəmanətlərini kim verəcək? ABŞ-ın bu məsələdə rolu əvəzsizdir.
— Nəqliyyat istiqamətindən başqa Vaşinqtonda Azərbaycanla iqtisadi sahədə də sazişlər imzalanıb. Hansı perspektivli sahələr (energetika, infrastruktura, süni intellekt) ikitərəfli əməkdaşlığın sürətvericisi ola bilər?
— Avropanın Rusiya qazına etibarlı alternativə ehtiyacını nəzərə alaraq, energetika ABŞ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin əsasını təşkil edəcək. Lakin real artım infrastruktura və texnologiya sahələrində də ola bilər. Amerika, Türkiyə, İsrail, BƏƏ və Avropa şirkətləri qabaqcıl tikinti texnologiyaları, süni intellekt üzrə tədqiqatlar və ağıllı gəmiçilik texnologiyaları gətirə bilərlər — Azərbaycan isə bu sahələrdə modernləşməyə hazırdır. Süni intellekt daşımaların vaxtını azalda, enerji istehsalını optimallaşdıra və gömrük prosedurlarını modernləşdirə bilər. Beləliklə yüksək texnologiya üzrə əməkdaşlığın yeni sahəsi qurulur. Azərbaycan üçün bu diversifikasiya iqtisadi dayanıqlığı gücləndirir, Amerika şirkətləri üçün isə perspektivli texnologiyalar üzrə yeni bazarlar açır, bu da qarşılıqlı faydalı ikitərəfli münasibətlər yaradır. İqtisadi inkişaf həm Azərbaycanda, həm də Ermənistanda yaşayan insanlar üçün faydalı olacaq.
— Avropa ilə Asiya arasındakı nəqliyyat əlaqələrinin genişləndirilməsi kontekstində Zəngəzur dəhlizinin (TRIPP) Azərbaycan üçün iqtisadi potensialını necə qiymətləndirirsiniz?
— Zəngəzur dəhlizi Azərbaycan üçün uzun müddətdir arzuladığı Naxçıvan, Türkiyə və daha sonra Avropa ilə birbaşa quru əlaqəsini təmin edəcək. Bu, nəqliyyat xərclərinin azalması, daha sürətli çatdırılma və ticarət üzərində daha böyük nəzarət deməkdir. İxracatçılar üçün məhsulları Avropaya rəqiblərindən, hətta, bir gün əvvəl çatdırmaq böyük üstünlükdür. Bakı-Tbilisi-Qars dəmiryolu kimi mövcud marşrutlarla birlikdə bu, Avropa bazarlarına istiqamətlənən Mərkəzi Asiyadan əhəmiyyətli yük axınlarını cəlb edə bilər. Daha çox qatar, daha çox məhsul və daha çox yığılan rüsumlar — bu, həcmlərə əsaslanan sərfəli biznes modelidir. Dəhliz , həmçinin Azərbaycanın artıq xarici investisiyaları cəlb etmiş Orta Dəhlizdə əsas rolunu daha da gücləndirəcək və Zəngəzur dəhlizi yaradıldıqdan sonra daha çox investisiya cəlb edəcəyinə şübhə yoxdur.
— Ermənistan layihədə iştirakından hansı real faydalar əldə edə bilər?
— Ermənistan üçün sülh bir sıra yeni imkanlar açacaq. Birbaşa təhlükə və risklər aradan qalxacaq, nəqliyyat əlaqələri və investisiya imkanları artacaq. Dəhlizdə iştirak ölkəni yeni bazarlara çıxaracaq. Uzun illər ərzində Ermənistanın xarici dünyaya yeganə quru əlaqəsi Gürcüstan və ya İrandan keçirdi, Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası isə mütləq iqtisadi faydalar gətirəcək. Tranzit marşrutlarının şaxələndirilməsi Gürcüstan limanlarından asılılığı azaldacaq, Türkiyənin Aralıq dənizi sahilindəki limanlarından birbaşa daşımaları mümkün edəcək, daha proqnozlaşdırıla bilən gəmiçilik qrafikləri və aşağı sığorta tarifləri təmin edəcək. Artan nəqliyyat əlaqələri logistika, anbarlar və emal müəssisələrinə sərmayələrin cəlb olunmasına, eləcə də dəhlizin tikintisi və istismarı üçün uzunmüddətli müqavilələr üzrə investisiyaların artırılmasına gətirib çıxara bilər.
Bundan əlavə, nəqliyyat xərclərinin azalması erməni məhsullarını xarici bazarlarda daha rəqabətqabiliyyətli edəcək. Zaman keçdikcə, dəhliz həm Azərbaycanın, həm də Ermənistanın iqtisadi potensialını gücləndirə, hər iki ölkə üçün əhəmiyyətli qarşılıqlı faydalar gətirə bilər.
— Sizcə, ABŞ dəhliz infrastrukturunun inkişafını necə dəstəkləyə bilər?
— ABŞ dəhlizlə əlaqəli riskləri əhəmiyyətli dərəcədə azalda bilər ki, bu da özəl investorların iştirakını təşviq edər. Bunun üçün Vaşinqton maliyyələşdirmə, sığorta, investisiya zəmanətləri və texniki ekspertiza təmin edə bilər. Amerika mühəndislik və logistika şirkətləri yerli podratçılarla əməkdaşlıq edərək müasir quru limanlar, dəmiryolu və avtomobil yolları qura bilərlər. ABŞ-ın texnologiya şirkətləri gömrük prosedurlarını modernləşdirə, yük idarəetməsini rəqəmsallaşdıra və marşrut boyunca təhlükəsiz idarəetməni təmin edə bilər. Bu cür dəstəklə, ABŞ dəhlizin uğurlu olmasını təmin edə və amerikalı biznes üçün yeni, yüksək həcmli bir marşrut açmış olar.
Zəngəzur dəhlizində ABŞ bayrağının dalğalanması, marşrutun təhlükəsizliyinin və qorunmasının təminatı baxımından vacibdir. Bu isə şübhəsiz ki, həm Rusiya, həm də İrandan yan keçən nəqliyyat marşrutunun yaradılmasına imkan verəcək.
— Dəhlizin açılması Türkiyə, Gürcüstan və İranla olan iqtisadi əlaqələri necə dəyişəcək? Hansı yeni marşrutlar və əməkdaşlıq kanalları yaranacaq?
— İşlək vəziyyətdə olan dəhliz Azərbaycan və Türkiyə arasındakı ticarəti yeni səviyyəyə qaldıracaq, onların arasında birbaşa quru marşrutunu yaradacaq. Gürcüstan üçün bu, daha geniş regional şəbəkənin bir hissəsi olma imkanıdır. Dəhliz layihəsi Şimal-Cənub dəhlizi ilə müqayisədə daha az riskli ticarət seçimi təqdim edəcək.
İxracatçılar üçün yeni marşrut çoxsaylı yeni imkanlar yaradır. İstehsalçılar Türkiyə, Qafqaz və Mərkəzi Asiya üzrə təchizat zəncirlərini tək bir tıxac nöqtəsi riski olmadan bölüşdürə biləcəklər. Əslində, dəhliz regional ticarət xəritəsini yenidən cızacaq.
— Zəngəzur dəhlizi ilə TransXəzər marşrutunun sinergiyasından Azərbaycan iqtisadiyyatı hansı uzunmüddətli faydalar əldə edə bilər?
— Zəngəzur dəhlizinin TransXəzər marşrutu ilə birləşməsi regional və qlobal ticarət üçün mükəmməl həll olacaq. Mallar Çindən Mərkəzi Asiya üzərindən, Xəzər dənizini keçərək, Azərbaycan ərazisindən Türkiyəyə minimal gecikmələrlə daşına biləcək. Daşımaların həcminin artması dəmiryolu infrastrukturunun təkmilləşdirilməsinə, daha sürətli qatarların fəaliyyətnə, eləcə də marşrut boyunca müasir emal zavodları və anbar komplekslərinə investisiyaların cəlb olunmasına səbəb olacaq.
Azərbaycan üçün gəlirlər təkcə tranzit haqlarından deyil, həmçinin yığma, emal, qablaşdırma və reeksport kimi xidmətlərdən də daxil olacaq. Zamanla bu, ölkənin qalıq yanacaqların ixracından asılılığını qismən diversifikasiya etməyə imkan verəcək. Qlobal yükdaşıyıcılar üçün isə Rusiya və İrana bağlı olmayan stabil marşrut üçün əlavə haqq ödəmək üstünlük olacaq ki, bu da Azərbaycanın iqtisadiyyatını əhəmiyyətli dərəcədə gücləndirəcək.
— Dəhlizin açılması, xüsusilə ölkənin Avropaya enerji tədarükçüsü kimi artan rolu nəzərə alınarsa, Azərbaycanın ticarət balansına necə təsir göstərə bilər?
— Dəhliz Azərbaycanın ticarət profilini enerji və qeyri-enerji məhsullarının daha balanslı kombinasiyasına doğru dəyişə bilər. Sürətli və ucuz çatdırılma marşrutları kənd təsərrüfatı məhsulları və sənaye mallarının ixracı üçün bazarları açacaq, həmçinin xidmət sektoruna investisiyaların cəlb olunmasına səbəb olacaq. Eyni zamanda, təkmilləşdirilmiş infrastruktur və tranzit vaxtının azalması Azərbaycanın Avropaya əsas enerji təchizatçısı rolunu gücləndirəcək, çünki Avropa alıcıları üçün qiymətlər aşağı düşəcək. Bu isə o deməkdir ki, Azərbaycan əsas ixrac sektorunu zəiflətmədən iqtisadiyyatını diversifikasiya edə biləcək. Tranzit haqları və ticarət marşrutu üzrə xidmətlərdən gəlirlər əlavə gəlir mənbəyi kimi fəaliyyət göstərəcək. Dəhliz Avropanın yeni tərəfdaşlar və bazarlar axtarışına da uyğundur, baxmayaraq ki, bəzi ölkələr, məsələn Fransa, bir müddət Bakı ilə rəqabətli münasibətdə olub. Ümumilikdə, bu, Azərbaycanın iqtisadiyyatını diversifikasiya etməsi üçün enerji təsirini qoruyan böyük bir imkandır.
— Zəngəzur dəhlizi ilə bağlı layihələrə investisiya qoyan amerikalı şirkətlər hansı faydaları əldə edə bilərlər?
— Amerikalı şirkətlər Zəngəzur dəhlizinin iqtisadi potensialından böyük fayda, infrastruktur və mühəndislik firmaları dəhlizin tikintisi, inkişafı üçün uzunmüddətli müqavilələr əldə edə bilərlər. ABŞ-ın texnologiya şirkətləri isə gömrük proseslərini avtomatlaşdırmağa və kiber təhlükəsizliyi təmin etməyə imkan verən süni intellekt və məlumat analizi xidmətləri üçün müqavilələr bağlaya bilərlər.
Energetika şirkətləri də uzunmüddətli enerji ehtiyacları olan layihələrə, xüsusən logistikanın idarə olunmasında süni intellekt texnologiyalarının tətbiqi planlaşdırılırsa, investisiya qoya bilərlər. Amerikalı investorlar üçün bu, Orta Dəhlizin əhəmiyyətinin artması və Azərbaycanın Əbrahəm Sazişlərinə qoşulma ehtimalı ilə birlikdə, uzunmüddətli və gəlir gətirən ticarət layihəsinin bir hissəsi olmaq şansıdır.
Oxuməni.az