Azərbaycana qarşı məkrli təklif: Pakistan və Rusiyadan İrana rədd cavabı

Azərbaycana qarşı məkrli təklif: Pakistan və Rusiyadan İrana rədd cavabı

19 Oktyabr 2021 15:52
Bəyəndim (0) Bəyənmədim (0)

“İran Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri ilə maraqlanır. Türkiyənin bu sistemləri alması İranı da həvəsləndirib. İran uzun illərdir ki, müraciət etsə də, Rusiyadan bu silahı ala bilmir. Zənnimcə, indi də bu istəyi baş tutmayacaq. Çünki İrana qarşı ABŞ-ın sanksiyaları var. Rusiya da bəzi məqamlarda bu sanksiyalara dəstək verib. Əgər Rusiya İrana öz müasir silahlarını satsa, bu, Vaşinqton-Moskva münasibətlərində yeni gərginliyin yaranmasına səbəb olacaq”.

Oxuməni.az Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- İran xarici işlər nazirindən sonra baş qərargah rəisi də Rusiyaya getdi. İran və Azərbaycan arasındakı gərginliyin yüksəlməsindən sonra Tehrandan Moskvaya artan bu səfərlərin izahı nədir?

- Son hadisələr İranın bütün maskalarını yırtdı. Deyərdim ki, İranın Ermənistandan da qəddar formada Azərbaycana nifrət bəsləməsinin şahidi oldum. Sanki gözlərimiz açıldı və İranın əsl simasını görə bildik. İran Azərbaycanı təkləmək üçün addımlar atmağa başlayıb. İran bu işə Ermənistandan başladı və guya Zəngəzurun müdafiəsi üçün bu bölgəyə qoşun yeritmək istədi. Məqsədi bu idi ki, Zəngəzurun müdafiəsi ona tapşırılsın. Bu, BMT nimzamnaməsinə və beynəlxalq hüquq normalarına qətiyyən uyğun gəlməyən, həyasız xahiş idi. Təbii ki, bu, Ermənistan tərəfindən rədd edildi. Eyni zamanda, Rusiyanın qətiyyən belə bir yerləşməyə icazəsi ola bilməzdi. Bundan sonra İran Xarici İşlər naziri Abdullahiyan Moskvaya getdi. Moskvada Rusiyaya Cənubi Qafqazda birlikdə hərəkət etmək təklifini verdi və Azərbaycana qarşı fikirlərini çatdırdı.

Rusiya İranın yeni iddialarını qəbul etmir və bölgədə hadisələrin daha da gərginləşməsini istəmir. Bu baxımdan, Abdullahiyanın apardığı təkliflər rədd edilib. Rusiya onu da yaxşı başa düşür ki, İran kimi bir teokratik rejimə barmağını uzatsan, qolunu qoparacaq. Buna görə də, belə bir anoloqu olmayan rejimin heç bir çərçivəyə sığmayan ambisiyası Rusiyanı da məmnun etmədi. Nəticədə İranın bütün iddiaları diplomatik şəkildə rədd edilib.

Bundan əvvəl İranın baş qərargah rəisi Bağıri, onu da deyim ki, o, Azərbaycan əsillidir – Pakistanda olub. Pakistan rəsmiləri İranın Azərbaycana qarşı yolverilməz addımlarını baş qərargah rəisinin diqqətinə çatdırdılar. Zənnimcə, İranın baş qərargah rəisi Pakistandan da əliboş geri döndü. İndi Bağırinin Moskva səfəri siyasidən çox, alış-veriş səfəridir. İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlər göstərdi ki, onun ordusunun sərəncamında olan silah-sursat həddindən artıq köhnədir. Məsələn, 1966-cı ildə istehsal edilmiş Amerika tankları, 1970-ci illərin sovet silahları və s. Bunlar üçüncü nəsil silahlar sayılır. İndi isə dünya, o cümlədən Azərbaycan ordularını beşinci nəsil silahları ilə gücləndirir.

İran nə qədər qolu güclü olduğunu desə də, gördü ki, ordusu haqda yaratdığı təəssürat onun söylədiyi kimi deyil. Buna görə də, Rusiyadan silah almağa çalışır, baş qərargah rəisinin də bu səbəbdən Moskvaya getdiyini deyə bilərik.

- Rusiyadan hansı silahları almaq istəyirlər?

- İran Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri ilə maraqlanır. Türkiyənin bu sistemləri alması İranı da həvəsləndirib. İran uzun illərdir ki, müraciət etsə də, Rusiyadan bu silahı ala bilmir. Zənnimcə, indi də bu istəyi baş tutmayacaq. Çünki İrana qarşı ABŞ-ın sanksiyaları var. Rusiya da bəzi məqamlarda bu sanksiyalara dəstək verib. Əgər Rusiya İrana öz müasir silahlarını satsa, bu, Vaşinqton-Moskva münasibətlərində yeni gərginliyin yaranmasına səbəb olacaq.

Əmin deyiləm ki, Bağırinin Moskva səfəri uğurlu olacaq və İranın durmadan artan ambisiyalarını təmin edəcək.

- Azərbaycan və Ermənistandan verilən son açıqlamalarda sərhədlərin delimitasiyası və demerkasiyası, eləcə də sülh danışıqları ilə bağlı müsbət mesajlar olsa da, bu yöndə konkret irəliləyişi görmürük. Proses yenidən dalana dirənirmi?

- Prosesin dalana dirəndiyini düşünmürəm, amma ləng getdiyini, intensiv olmadığını və substantiv danışıqların getmədiyini demək mümkündür. Digər yandan, mətbuata sızdırılan məlumata görə, Azərbaycan və Ermənistan arasında böyük sülh sazişinin imzalanması ilə bağlı hazırlıq gedir, ATƏT-in Minsk qrupu da burada iştirak edir və öz layihəsini hazırlayır. Üstəgəl, sülhyaratma prosesində prinsipial məqamların razılaşdırılması isiqamətində Azərbaycanla Ermənistan arasında ciddi danışıqların getməsi haqda iddia var. Bunun nə qədər doğru olub-olmadığını deyə bilmərəm, amma Azərbaycan uzun müddətdir Ermənistana sərhədlərin müəyyənləşdirilməsi və sülh sazişi ilə bağlı təkliflər verir. Bu təklif Azərbaycan prezidenti tərəfindən də səsləndirilib. Amma bunun üçün Azərbaycanın şərti var: iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin müəyyənləşdirilməsindən sonra sülh müqaviləsi imzalansın.

Ermənistan da sülh haqda danışır, dil-boğaza qoymur. Guya Azərbaycan tərəfinin təkliflərini qəbul edib, amma öz şərtlərini irəli sürür. Bu şərtlər Azərbaycanın maraqları ilə daban-dabana ziddir. Onlar Qarabağda yaşayan separatçıların “status”unu razılaşdırmağı və bundan sonra sərhədlərin müəyyənləşdirilməsi məsələsinə qayıtmağı söyləyirlər. Bu, danışıqlar prosesini tormozlayan amildir. Hesab edirəm ki, Ermənistan həyata keçirilməsi mümkün olmayan şərtlər irəli sürməklə, bununla Azərbaycana təzyiq göstərməyə çalışır. Ermənistan sovet dövründə Qarabağla bağlı mövcud olmuş muxtar statusun təmin edilməsini qarşısına məqsəd qoyub. Bu məqsədin həyata keçirilməsində isə Rusiyanın açıq dəstəyini hiss edir. Ermənipərəst Lavrovun gecə-gündüz bu yöndə çalışdığını desəm, yanılmaram.

İranın beynəlxalq hüquq normalarına sığmayan davranışlarla Azərbaycanın üstünə gəlməsi, Ermənistanı xeyli ruhlandırıb. Ermənistan bu gərginlikdən istifadə edərək, başda Fransa və Rusiya olmaqla, dünyanın müxtəlif ölkələri ilə danışıqlar aparır. Bununla sülhyaratma prosesində əlini gücləndirməyə çalışır. Təəssüf ki, Azərbaycanın bu cür qonşuları var. Üstəgəl, beynəlxalq birliyin ikili standartlar və xristian təəssübkeşliyi ilə Azərbaycana təzyiq etməsi müəyyən çətinliklər yaradır. Amma buna baxmayaraq, Azərbaycan kifayət qədər güclü siyasi iradə nümayiş etdirir. Prezident Azərbaycanın mövqeyini döyüşkən mövqedən həm Ermənistan, həm İran, həm də digərlərinə çatdırır. Azərbaycan liderinin bu cəsarəti həm İran, həm Ermənistan, həm də onun havadarlarının əl-qolunu boşaldır.

- Rusiya Prezidenti Vladimir Putinin ötən günlərdə Qarabağla bağlı verdiyi bir açıqlama diqqət çəkdi. O dedi ki, pis sülh yaxşı müharibədən yaxşıdır. Bəs Putinin bu açıqlamasını necə şərh etmək olar?

- Bu, bir aforizmdir, indi Putin bunu təkrarlayır. Belə görünür ki, Putin sanki hər iki tərəfə danışıqlar apararkən, qarşılıqlı kompromisə getməyi məsləhət görür. Uzun illər işğalçı və işğala məruz qalana fərq qoymadılar. İndi də qalib və uduzan tərəfi bərabərləşdirməyə çalışırlar, hər iki tərəfdən “konsensus”, “kompromis” və “güzəşt” tələb edirlər. Azərbaycan torpaq məsələsində heç bir güzəştə gedə bilməz. Çünki biz bu torpaqlar uğrunda illərdir mübarizə aparırdıq və müharibədə qalib gələrək işğaldan azad etdik – bunlar bizimdir. Yəni bu ərazilərdə yaşayan yolunu azmış azsaylı erməni qruplaşmalarına ərazi güzəştindən söhbət gedə bilməz. Bu, Azərbaycan üçün qəbuledilməzdir.

Biz Ermənistandan törətdiyi cinayətlərə və verdikləri zərərlərə görə təzminat tələb edirik. Artıq Ermənistanı Haaqa məhkəməsinə vermişik. İndi beynəlxalq mütəxəssislər qrupu ermənilərin Azərbaycana vurduqları ziyanın həcmini hesablayır. Vurulmuş ziyan təxminən 350 milyard dollara yaxındır. Yəqin ki, beynəlxalq ekspertlər qrupu bununla bağlı açıqlama verəcəklər. Yəni biz, məsələn, təzminat, bunun miqdarı məsələsində güzəştli mövqe tuta bilərik. Biz Laçın dəhlizi məsələsində güzəşt etdik. Amma görünür ki, nə Rusiya, nə də Ermənistanın digər havadarları bunu qiymətləndirirlər.

Biz, eyni zamanda, Zəngəzur dəhlizinin müddəti məsələsində güzəştə gedə bilərik. Bu gün olmasın, sabah olsun, amma nə vaxtsa açılacaq. Çünki bunu həm də Ermənistanın maraqları tələb edir. Blokadada olan Ermənistan üçün bu dəhliz Azərbaycan və Türkiyədən daha çox lazımdır. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istəyirsə, Zəngəzur dəhlizini mütləq açmalıdır. Artıq Paşinyan iki-üç gün əvvəl bununla bağlı müsbət rəy söyləyib. O, Azərbaycan və Naxçıvan arasında şose yolu ilə yanaşı, dəmir yolunun da açılacağının anonsunu verib.

Bəzən də Fransa və ABŞ-dan olan bəzi diplomatlar “status” məsələsini gündəmə gətirirlər və münaqişənin həll olunmadığını deyirlər. Hesab edirəm ki, belə çıxışlar hadisələrin rəvan inkişafına mane olmaq üçün edilir. Əgər beynəlxalq güclər Cənubi Qafqazda davamlı sülhün olmasını istəyirlərsə, o zaman beynəlxalq hüquq normaları və sənədlərinə hörmət göstərməlidirlər. Bir sözlə, bilməlidirlər ki, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək məsələlər müzakirə mövzusu ola bilməz.