Yaponiyada ABŞ-a məxsus hərbi bazanın yerdəyişməsi üçün 8,5 milyard dollar lazımdır

Yaponiyada ABŞ-a məxsus hərbi bazanın yerdəyişməsi üçün 8,5 milyard dollar lazımdır

27 Dekabr 2019 11:17
Bəyəndim (1) Bəyənmədim (0)

Yaponiya Müdafiə Nazirliyi bəyan edib ki, ABŞ-ın dəniz piyadaları üçün Futemma hərbi hava bazasının yerinin dəyişdirilməsinə təqribən 12 il vaxt və ilkin hesablamalardan daha çox vəsait lazımdır.

Oxumeni.az Yaponiya Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, həmin bazanın Naqo şəhərinin Henoko rayonuna köçürülməsi üçün 8,5 milyard dollar vəsait sərf oluna bilər. Bu, ilkin hesablamalarda nəzərdə tutulduğundan təqribən 2,5 dəfə çoxdur.

Xatırladaq ki, 2013-cü ildə qəbul edilmiş plana əsasən, Yaponiya və ABŞ Futemma bazasının 2022-ci maliyyə ilində Okinavanın hakimiyyət strukturlarına qaytarılacağını bəyan etmişdilər. Həmçinin hər iki ölkənin nümayəndələri torpaq işlərinin beş ilə başa çatdırılacağını demişdilər.

Lakin sonradan Yaponiya Müdafiə Nazirliyi inşaat işlərinin aparıldığı ərazidə süxurun bərkidilməsi üçün daha genişmiqyaslı işlərə ehtiyac olduğunu elan edib.

Bildirilir ki, cari il dekabrın 25-də nazirlik tikinti işlərinin müddətinin, həmçinin xərclər smetasının dəyişdirilməsi planını mülki tikinti və geologiya üzrə mütəxəssislərin yığıncağına təqdim edib. Yeni plana görə, uçuş-enmə zolağında tikinti işlərinin yekunlaşmasına 12 il vaxt lazım olduğu qeyd edilir. Həmçinin bildirilir ki, torpaqtökmə işlərindən sonra süxurun möhkəmlənməsinə isə doqquz il üç ay vaxt lazım olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az