Hərbi hissələrdə yeni obyektlər istifadəyə verilib

Hərbi hissələrdə yeni obyektlər istifadəyə verilib

28 Dekabr 2019 22:56
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələrdə yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxumeni.az-a bildiriblər ki, əvvəlcə general-polkovnik Zakir Həsənov ulu öndər Heydər Əliyevin N hərbi hissəsinin yeni inşa olunan qərargah binasındakı büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib, “Fəxri ziyarətçi və qonaqlar” kitabını imzalayıb.

Yeni bina ilə tanış olan nazirliyin rəhbərliyinə burada yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, üçmərtəbəli qərargah binası 70-dən artıq xidməti və inzibati otaqdan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Bina mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilib. Ərazidə abadlıq işləri aparılıb, yaşıllaşdırma sahəsi salınıb və 2500 müxtəlif növ ağac əkilib.

Sonra nazirliyin rəhbərliyi daha bir hərbi hissədə yeni inşa edilən ikimərtəbəli qərargahda və əsaslı təmirdən sonra istifadəyə verilən tibb məntəqəsində olub.

Bildirilib ki, qərargahdakı 35-dən artıq inzibati və xidməti iş otağı mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri, lazımi mebel və avadanlıqla təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, 650 müxtəlif növ ağac əkilib.

Tibb məntəqəsinin ikimərtəbəli binası ilə tanışlıq zamanı məlumat verilib ki, müasir avadanlıqla təchiz olunan məntəqə qəbul, təxirəsalınmaz təcili yardım, funksional diaqnostika, növbətçi həkim, ordinator, stomatoloji, prosedur və digər otaqlardan, eləcə də palatalardan, əşya anbarından, aptek və yeməkxanadan ibarətdir. Ərazidə abadlıq işləri aparılıb.

Tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib, şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb və qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az