“Biz   Azərbaycan-Gürcüstan-Türkiyə formatlarında səmərəli əməkdaşlıq edirik"

“Biz Azərbaycan-Gürcüstan-Türkiyə formatlarında səmərəli əməkdaşlıq edirik"

21 Yanvar 2020 16:48
Bəyəndim (0) Bəyənmədim (9)

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili yanvarın 21-də Tbilisidə keçirilən görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.

Oxuməni.az-ın verdiyi xəbərə görə, İrakli Qaribaşvili görüşün əhəmiyyətini qeyd edərək, Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasında göstərdiyi dəstəyə görə ölkəsinin adından Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O deyib ki, Gürcüstan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan ilə Gürcüstan arasında 2020-ci ildə hərbi sahədə əməkdaşlığa dair fəaliyyət planının imzalanması bu istiqamətdə əlaqələrimizin inkişafına mühüm töhfə verəcək.

Gürcüstanın Müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin 2020-ci ildə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mehriban qonşuluq və yaxın dostluq münasibətlərinin önəminə toxunub. Görüşdə regionda hərbi-siyasi vəziyyətin müzakirə olunduğunu vurğulayan general-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyir. Biz də bütün beynəlxalq təşkilatlarda həmin dəstəyi Gürcüstan tərəfindən görürük.

Azərbaycanın və Gürcüstanın regionda böyük əhəmiyyətə malik birgə layihələr həyata keçirdiklərini deyən nazir diqqətə çatdırıb ki, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir: “Biz hərbi sahədə həm ikitərəfli, həm də üçtərəfli - Azərbaycan-Gürcüstan-Türkiyə formatlarında səmərəli əməkdaşlıq edirik. Söhbət zamanı regiondakı böyük iqtisadi layihələri və onların təhlükəsizliyinin təmin olunması məsələlərini də nəzərdən keçirdik”.

Görüşdə 2020-ci ildə hərbi sahədə əməkdaşlığa dair fəaliyyət planının imzalanmasının əhəmiyyətinə toxunan nazir qeyd edib ki, planda şəxsi heyətin birgə təlimlərinin təşkili və digər tədbirlər nəzərdə tutulub. General-polkovnik Zakir Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Oxuməni.az