Ötən il NATO üzvləri və Rusiyanın hərbi xərcləri artıb - HESABAT

Ötən il NATO üzvləri və Rusiyanın hərbi xərcləri artıb - HESABAT

26 Aprel 2021 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

2020-ci ildə ümumi qlobal hərbi xərclər 2019-cu illə müqayisədə 2,6 % artaraq 1,981 trilyon dollara çatıb.

Oxuməni.az-ın xəbərinə görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son hesabatında dərc olunub.

Hesabatda bildirilib ki, 2020-ci ildə qlobal hərbi xərclərin 62%-ni təşkil edən və hərbi sahəyə ən çox xərc qoyan beş ölkə ABŞ, Çin, Hindistan, Rusiya və Böyük Britaniyadır.

Hesabatda vurğulanıb ki, ardıcıl olaraq 26 ildir Çinin hərbi xərclərində artım müşahidə olunub.

Dünya miqyasında hərbi xərclər artsa da, Çili və Cənubi Koreya kimi bəzi ölkələr planlı hərbi xərclərinin bir hissəsini pandemiya ilə mübarizəyə ayırıb.

2020-ci ildə ABŞ-ın hərbi xərcləri təxminən 778 milyard dollara çatıb və 2019-cu illə müqayisədə 4,4 % artım olub.

Hesabatda qeyd olunub ki, 2020-ci ildə ümumi qlobal hərbi xərclərin 39%-i ABŞ-a aid olub və ardıcıl olaraq 3-cü ildir ABŞ-ın hərbi xərclərində artım qeydə alınıb.

ABŞ-dan sonra Çin dünyada ikinci ən yüksək hərbi xərcləmə edən ölkədir, 2020-ci ildə bu ölkənin hərbi xərclərinin miqdarı 252 milyard dollar olub. Bu rəqəm 2019-cu illə müqayisədə 1,9 % çoxdur.

Hesabatda o da bildirilib ki, 2020-ci ildə NATO-nun bütün üzvlərinin hərbi xərcləri də artıb. Əgər 2019-cu ildə təşkilatın 9 üzvü NATO-nun xərcləmə hədəfi olan ÜDM-in 2 faizini keçmişdisə, 2020-ci ildə bu ölkələrin sayı 12 olub.

Dünya miqyasında hərbi xərclərinə görə 8-ci yerdə olan Fransa 2009-cu ildən bəri ilk dəfə 2% həddini keçib.

Rusiyanın hərbi xərcləri 2020-ci ildə 2,5% artaraq 61,7 milyard dollara çatıb. SIPRI bildirib ki, artıq ikinci ildir Rusiyanın hərbi xərclərində artım qeydə alınır. Buna baxmayaraq, Rusiyanın 2020-ci ildəki faktiki hərbi xərcləri ilkin hərbi büdcəsindən 6,6 faiz az olub.

59,2 milyard dollarla Böyük Britaniya 2020-ci ildə hərbi xərclərinə görə beşinci olub. Britaniyanın hərbi xərcləri 2019-cu illə müqayisədə 2,9 faiz çox, lakin 2011-ci illə müqayisədə 4,2% azdır.

Digər Avropa ölkəsi Almaniya hərbi xərclərini 5,2% artıraraq 52,8 milyard dollara yüksəldib və 2020-ci ildə hərbi xərclərinə görə yeddinci olub.

Almaniyanın hərbi xərcləri 2011-ci ilə nisbətən 28% artıb. Ümumilikdə isə Avropa regionunda hərbi xərclər 2020-ci ildə 4% artıb.

Çinlə yanaşı Hindistan (72.9 milyard dollar), Yaponiya (49.1 milyard dollar), Cənubi Koreya (45.7 milyard dollar) və Avstraliya (27.5 milyard dollar) Asiya və Okeaniya regionunun ən böyük hərbi xərcləmə edən ölkələridir. 2019-cu illə müqayisədə 2020-ci ildə hər 4 ölkənin hərbi xərcləri artıb.

Qlobal hərbi xərclərdəki 2,6% artım, COVID-19 pandemiyasının iqtisadi təsirləri nəticəsində qlobal ÜDM-nin 4,4% azaldığı zamanda baş verib. Nəticədə ÜDM-nin bir hissəsi olan hərbi xərclər - hərbi yük - 2019-cu ildə 2,2%-dən 2020-ci ildə dünya üzrə orta hesabla 2,4% -ə yüksəlib. Bu, 2009-cu ildə baş verən qlobal maliyyə və iqtisadi böhrandan sonra hərbi yükün illik ən böyük artımıdır.