
Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionatının gümüş mükafatçısı olub
Kopenhagendə (Danimarka) qadın komandalar arasında FIBA EuroCup 3x3 başa çatıb.
Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenhauer və Dina Ulyanovadan ibarət Azərbaycan qadın komandası gümüş medal qazanıb.
Finala gedən yolda basketbolçularımız Fransa (21:16), Ukrayna (21:14), Polşa (16:13) və İspaniyaya (21:17) qalib gəliblər.
Final görüşündə Azərbaycanın qadınlardan ibarət yığması hazırkı dünya çempionu Hollandiya ilə qarşılaşıb və 16:21 hesabı ilə uduzaraq gümüş medala sahib olub. Azərbaycan ilk dəfə olaraq Avropa çempionatında medal qazanıb.
3-cü yer uğrunda görüşdə Fransaya qalib gələn İspaniya yığması çempionatın bürünc medalını qazanıb.
Qadınlardan ibarət Azərbaycan yığması ikinci dəfə Avropa çempionatının final mərhələsində iştirak edib. Ötən il Paris Olimpiadasında iştirak edən komanda İspaniya və Avstriyaya uduzaraq qrupdan çıxa bilməyib.
Almaz Həsənli