
ABŞ Ukrayna ilə bağlı sazişin şərtlərini yumşaldıb
Birləşmiş Ştatlar Rusiya qoşunlarının genişmiqyaslı işğalı başlayandan bəri Ukraynaya göstərilən yardımın məbləği ilə bağlı qiymətləndirməsinə yenidən baxıb.
Oxuməni.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Amerika-Ukrayna danışıqlarının gedişi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbələri bildiriblər ki, ABŞ əvvəllər Ukraynaya 300 milyard dollar yardım etdiyini bəyan etmişdisə, indi bu məbləği 100 milyard dollara endirib. Yeni hesablama 90 milyard dollardan danışan Ukrayna hakimiyyətinin verdiyi qiymətə daha yaxındır. Vaşinqton bu məbləğə Ukraynaya borc kimi baxır və bidirir ki, Ukrayna onu resurslarla ödəməlidir. Lakin Kiyev bununla razılaşmır.
Nəşrin mənbələri qeyd edir ki, qiymətləndirməyə yenidən baxılması ötən həftənin sonunda Vaşinqtonda təbii ehtiyatlar üzrə saziş üzrə ABŞ və Ukrayna arasında aparılan danışıqlardan sonra baş verib.
Birləşmiş Ştatlar göstərilən yardım müqabilində Ukraynadan Ukraynanın mineral ehtiyatlarına prioritet çıxış əldə etmək istəyir. Nadir torpaq metallarını əhatə edən müqavilənin fevralın sonunda bağlanması planlaşdırılırdı.
Almaz Həsənli