Gürcüstan Patriarxı reanimasiyaya yerləşdirilib
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya səhhətində kəskin pisləşmə səbəbindən xəstəxanaya yerləşdirilib. Oxuməni.az xəbər verir ki, bu barədə Gürcüstan Patriarxiyasının saytında verilən açıqlamada bildirilir.
Qeyd olunur ki, hazırda Gürcüstan kilsəsinin başçısı Qafqaz Tibb Mərkəzindədir. Onun vəziyyəti "çətin, lakin stabil" qiymətləndirilir.
TASS-ın məlumatına görə, patriarx "mədəsində kütləvi qanaxma" diaqnozu ilə xəstəxanaya yerləşdirilib və reanimasiyaya qəbul edilib.
Patriarxın yanına gələn Gürcüstanın Səhiyyə Naziri Mixail Sarjveladze, din xadiminin yaşını nəzərə alaraq, vəziyyətin "həqiqətən də asan olmadığını" qeyd edib.
İrakli Quduşauri-Şiolaşvili 4 yanvar 1933-cü ildə Vladiqafqazda anadan olub. O, 1952-ci ildə orada məktəbi bitirib. Daha sonra Moskva Ruhani Seminariyasına daxil olub, orada 1956-cı ilə qədər təhsil alıb, ardınca isə Moskva Ruhani Akademiyasında təhsilini davam etdirib. 16 aprel 1957-ci ildə Tiflisdə Müqəddəs Aleksandr Nevski kilsəsində İrakli, peyğəmbər İlyanın şərəfinə İlya adı ilə rahibliyə qəbul edilib. Bütün Gürcüstanın Katolikos-Patriarxı olaraq rahib 23 dekabr 1977-ci ildə seçilib.
Almaz Həsənli


















































































