General Motors, silah komponentləri istehsal etmək üçün Lockheed Martin ilə danışıqlar aparır
Amerikanın General Motors (GM) şirkəti müdafiə korporasiyası Lockheed Martin ilə silah komponentləri istehsalı ilə bağlı danışıqlara başlayıb. Bu barədə The Wall Street Journal (WSJ) məlumat verib.
Qəzetin mənbələrinə görə, avtomobil istehsalçısı Lockheed Martin-ə sursat istehsalını artırmağa kömək edəcək komponentlər istehsal etməyi planlaşdırır. Tərəflər hazırda gələcək müqaviləyə daxil ediləcək hissələrin konkret siyahısını müzakirə edirlər.
Əməkdaşlıq General Motors-un müdafiə bölməsinin mövqeyini gücləndirmək məqsədi daşıyır. Bölmə təxminən 10 il əvvəl fəaliyyətini bərpa edib və indiyə qədər əsasən piyada döyüş maşınlarının istehsalında ixtisaslaşıb.
Qəzet əvvəllər ABŞ hakimiyyətinin yerli avtomobil istehsalçılarını hərbi istehsala cəlb etmək niyyətində olduğunu bildirmişdi. Pentaqon artıq General Motors və Ford da daxil olmaqla sənayenin ən böyük şirkətlərinin rəhbərləri ilə danışıqlar aparıb.
25 apreldə Financial Times qəzeti Yaxın Şərqdəki gərginlik fonunda silahlara artan tələbata baxmayaraq, investorların məhdud istehsal gücü və maliyyə çatışmazlığı riski səbəbindən aparıcı ABŞ müdafiə şirkətlərinin səhmlərini satdıqlarını bildirdi. İnvestorlar şirkətlərin dəyişən qlobal bazar tələbinə dərhal reaksiya verə bilməyəcəklərindən qorxurlar, müasir münaqişələr isə dronlar kimi ucuz muxtar texnologiyaların effektivliyini nümayiş etdirib.
Əziz Mustafa




















































































