Ermənistan xaricdə yaşayan vətəndaşların səs verməsini qadağan etdi
Ermənistan Milli Məclisi seçkilərdə yalnız ölkədə daimi yaşayan vətəndaşların səsvermə hüququna malik olması haqqında qanunu yekun oxunuşda qəbul edib. Oxuməni.az xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.
Qanun layihəsinin lehinə yalnız hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatları və daha əvvəl "Ermənistan" blokunu tərk etmiş bir parlamentari səs verib. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi müxalif "Ermənistan" fraksiyası Konstitusiya Məhkəməsinə müraciət edərək qəbul edilmiş təşəbbüsün qanuniliyini mübahisələndirmək niyyətindədir.
Yeni qanun layihəsinə əsasən, Ermənistanda seçkilərdə yalnız seçici siyahılarının dərc olunduğu ana qədər son iki ildən ən azı bir ilini ölkədə keçirmiş vətəndaşlar səs verə bilərlər. İstisna yalnız təhsil və ya dövlət ezamiyyətləri üçün ölkədən getmiş şəxslərə şamil edilir.
Bir neçə ictimai təşkilat qanun layihəsini sərt tənqid edərək, bu cür qanunvericilik dəyişikliklərinin antikonstitusion və qanunsuz olduğunu, demokratik prinsipləri təhdid etdiyini və vətəndaşların siyasi hüquqlarını pozduğunu iddia edib.
Ermənistan öz vətəndaşlarına xaricdə səs vermək imkanı vermir. Səfirliklərdə və konsulluqlarda səsvermə yalnız diplomatik işçilər və onların ailə üzvləri üçün mümkündür.
Qanunvericilik dəyişiklikləri 7 iyun parlament seçkilərində yenidən qələbə qazanmış hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatları tərəfindən təklif edilib. Bu dəyişikliklər, keçən seçkilər zamanı digər ölkələrdə, əsasən Rusiyada yaşayan ermənilərin şübhəli bilindiyi "seçki turizmi"nin qarşısını almağa yönəlib. Baş nazir Nikol Paşinyanın hakim partiyası, erməni pasportu olan insanların səs vermək üçün qısa müddətə gəlib sonra geri qayıtmasını yolverilməz hesab edir.
Almaz Həsənli






































.jpg)
.jpg)

.jpg)









































